Xəbərlər
Azərbaycan xarici investorlar üçün təhlükəsiz, etibarlı və perspektivli məkandır
Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Müasir dünyada iqtisadi sabitlik və etibarlı tərəfdaşlıq meyarları qlobal kapitalın əsas istiqamətini müəyyən edən başlıca amillər kimi çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmiz uzunmüddətli siyasi və iqtisadi sabitliyi, formalaşdırılmış əlverişli biznes mühiti, şəffaflığı və zəngin resursları ilə qlobal iqtisadi münasibətlərdə etibarlı tərəfdaş imicini qazanıb. Son iki onillikdə Azərbaycan iqtisadiyyatına yatırılan 350 milyard ABŞ dollarından çox investisiyanın yarıdan çoxunun xarici kapitalın payına düşməsi ölkəmizin beynəlxalq sərmayədarlar üçün təhlükəsiz və gəlirli məkan olmasının bariz göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və iqtisadi müstəqilliyin təmin edilməsinə xidmət edir.
Sentyabrın 25-26 tarixlərində Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da ölkəmizin investisiya imkanlarının beynəlxalq müstəvidə təqdimatı və qlobal kapitalın konkret layihələr ətrafında birləşməsi baxımından mühüm tarixi hadisə oldu. Tədbirdə 70 ölkədən 800-dən çox xarici nümayəndə daxil olmaqla, ümumilikdə 3 000-dən artıq iştirakçının yer alması, eləcə də idarə etdikləri aktivlərin həcmi trilyonlarla dollarla ölçülən nəhəng beynəlxalq maliyyə institutlarının fəal iştirakı Bakının qlobal iqtisadi qərarların müzakirə olunduğu strateji mərkəzə çevrildiyini təsdiqlədi. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş tədbirdə dövlətimizin başçısının iştirakı və səsləndirdiyi strateji mesajlar Azərbaycanın iqtisadi potensialının genişliyini bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısı proqram xarakterli çıxışında xüsusi vurğuladı ki, qlobal təhlükəsizlik arxitekturasında yaşanan gərginliklərdən və geosiyasi qarşıdurmalardan az itki ilə çıxmağın yeganə yolu yeni iqtisadi zəncirlərin qurulmasından və tərəfdaşlıqların möhkəmlənməsindən keçir. Məlumdur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və nəticədə Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar regionda ümumi rifahın təmin edilməsi üçün tarixi imkanlar yaradıb. “Fitch” və “Moody’s” kimi nüfuzlu beynəlxalq reytinq agentliklərinin ölkəmiz barədə müsbət proqnozları Azərbaycanın iqtisadi cəlbediciliyinin və uzunmüddətli proqnozlaşdırıla bilənliyinin əyani təsdiqidir. Ümumiyyətlə, forumun uğurlu nəticələri ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektoruna innovativ texnologiyaların cəlb edilməsinə və insan kapitalının inkişafına güclü təkan verəcək.
Ölkəmizin iqtisadi gündəliyi müasir çağırışlara uyğun olaraq sürətlə şaxələnir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Neft-qaz sektoru öz aparıcı mövqeyini qorumaqla yanaşı, buradan əldə olunan gəlirlər qeyri-neft iqtisadiyyatının və infrastrukturun inkişafına yönəldilir. Azərbaycan xarici investorlara yalnız daxili bazarı deyil, Mərkəzi Asiyadan Avropaya qədər uzanan böyük bir iqtisadi coğrafiyaya çıxış təqdim edir. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, Orta Dəhliz və Zəngəzur dəhlizi ölkəmizi Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzinə çevirir. Ənənəvi sahələrlə yanaşı, bərpaolunan enerjinin Avropa bazarlarına ixracı, yaşıl texnologiyalar, rəqəmsallaşma və süni intellekt üzrə data mərkəzlərinin qurulması Azərbaycanın yeni investisiya xəritəsini təşkil edir.
Siyasi və iqtisadi sabitliyin, müasir infrastrukturun və aydın inkişaf strategiyasının vəhdəti Azərbaycanı qlobal kapital üçün uzunmüddətli, etibarlı və proqnozlaşdırılan investisiya mərkəzi kimi daha da möhkəmləndirir.
