Xəbərlər
Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə mühitini dünyaya təqdim etdi
Ramid Namazov
Milli Məclisin deputatı
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin əlverişli və münbit investisiya mühitini qlobal investorlar və biznes icmasına nümayiş etdirməklə bərabər, yeni istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafını potensial geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə şəxsən iştirak etməsi və dünyanın nəhəng investisiya şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesin tərəfindən ünvanlanan sualları cavablandırması isə ölkəmizdə sərmayə mühiti haqqında beynəlxalq biznes icmasına dolğun və geniş məlumatların çatdırılması baxımından əlamətdar hadisə kimi yadda qaldı.
Azərbaycanın regionda və regiondan kənar coğrafiyalarda nəhəng sərmayədarların dərin etibar və etimadını qazanmasının başlıca səbəbi isə möhkəm siyasi sabitlik və dayanıqlı təhlükəsizlik, kriminogen vəziyyətin tamamilə nəzarət altında olması, həyata keçirilən mükəmməl iqtisadi siyasət, sabit iqtisadiyyat quruculuğunun təmin edilməsidir. Cənab Prezidentin bəyan etdiyi kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı.
Məhz iradəli, dönməz genişşaxəli islahatların sayəsində düzgün liberal iqtisadiyyatın inşası təmin olunub ki, Azərbaycan son 20 ildə inanılmaz iqtisadi nailiyyətlərə imza atıb:
- Ümum Daxili Məhsul (ÜDM) 10 dəfə artaraq yeddi milyarddan 76 milyarda yüksəlib;
- Adambaşına düşən ÜDM səkkiz dəfədən çox artaraq 900 dollardan 7500 dollara yüksəlib;
- Yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə endirilib;
- Qeyri-neft-qaz sektorunun həcminin 4,5 dəfə artıb və iqtisadiyyatda payı 71 faizə çatıb;
- Ölkəmizin suveren milli kapital institutu olan Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib;
- 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb.
Bu strateji kurs xarici investorların Azərbaycanla yaxın tərəfdaşlığını möhkəmləndirməklə, kapital axınlarını stimullaşdırıb. Nəticədə son 20 ildə 350 milyard dollarından çox investisiya cəlb edilib ki, yarısı birbaşa xarici investisiyalardır.
Azərbaycan dünyada güclü maliyyə arxitekturası formalaşdıraraq həm aktivlərini gücləndirir, Prezident İlham Əliyevin unikal siyasətin sayəsində kredit borcları vaxtından daha tez ödənilir və bu, nümunəvi siyasət sayəsində dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı həddə endirilib. Valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Milli ödəniş sektoru dayanıqlı və dinamikdir, valyutamız sabitdir.
Hazırda yeni iqtisadi sistemə keçidi sürətləndirən Azərbaycan uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialdan səmərəli istifadə etməkdədir. Həmin sahələrdən biri də bərpaolunan enerjinin tədarüküdür. Azərbaycan Xəzər dənizinin özünə aid sektorunda 157 giqavatlıq enerji potensialına malikdir, quruda isə günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədirlər.
Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq və bu potensial Özbəkistan və Qazaxıstanın da daxil olduğu Mərkəzi Asiya–Xəzər–Avropa xətti və ya Qara dəniz kabeli ilə xarici ölkələrə nəql olunacaq. Bərpaolunan enerji həm də xarici investorlar üçün də əla fürsət yaradır. Çünki müasir rəqəmsal iqtisadiyyatın və süni intellekt data mərkəzlərinin əsas mənbəyi məhz təmiz enerjidir.
Azərbaycan regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi yönündə də mühüm addımlar atır. Xəzər dənizinin dibi ilə Azərbaycanı Qazaxıstanla birləşdirən kabel cari ilin sonunadək istifadəyə veriləcək. Bu isə Qərbə doğru uzanan nəhəng fiber-optik infrastrukturu formalaşdıracaq. Sözsüz ki, bu qlobal inkişaf həmrəyliyində rəqəmsal infrastruktur şirkətləri ilə də əməkdaşlığı gücləndiriləcək, onların uzunmüddətli investor kimi ölkəmizə gəlmələri üçün yeni imkan yaradılacaq.
Ölkə iqtisadiyyatının digər mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır ki, bu istiqamətdə Azərbaycan təşəbbüskar dövlət kimi yeni tranzitlər yaradır, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əlaqələndirici tranzit rolunu genişləndirir. Cari ilin sonunda 16 milyon tona çatacaq tranzit daşımalarının həcminin 2030-cu ilədək 25 milyon tona yüksəldilməsi nəzərdə tutulur ki, bu da logistikanın iqtisadi inkişafda xüsusi əhəmiyyətini əks etdirir.
Nəqliyyat bağlantılarında Azərbaycan-Mərkəzi Asiya birliyi isə imkanları daha da böyüdür, ötən ilin noyabrından etibarən Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvü olması isə sərmayədarlar üçün də yeni investisiya imkanları yaradır.
İnvestisiya Forumunda Azərbaycan dövləti ilə dünyanın tanınmış səhmdarları, nəhəng şirkətləri arasında ümumi dəyəri 10,8 milyard dollar olan 23 kapital sazişlərinin imzalanması isə ölkəmizə olan dərin iqtisadi inamın təzahürü hesab edilə bilər. Həmin sazişlərin böyük bir qismi yeni iqtisadi və sənaye transformasiyasına – rəqəmsal quruculuq, süni intellekt, bərpaolunan enerji, data infrastrukturlarının yaradılması, yeni sənaye əczaçılığı kimi sektorları əhatə edir və bu layihələrin icrasında dünyanın ən tanınmış şirkətləri təmsil olunacaq. Bu qərarlar Azərbaycanın iqtisadi dividentlər əldə etməsi ilə yanaşı, siyasi münasibətlər sistemində strateji yerini möhkəmləndirəcək.
Beləliklə, Prezident İlham Əliyevin xarici investorlara verdiyi mesajlar tam aydındır: Azərbaycan əlverişli və münbit sərmayə mühiti təmin etməklə, stimullaşdırıcı təşviqlər yaratmaqla qlobal investorları yeni iqtisadi layihələrdə birgə çalışmağa, inkişaf yolunda birgə addımlamağa dəvət edir.
