YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı iqtisadiyyat və etibarlı investisiya mühiti

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Azərbaycanın yüksələn beynəlxalq nüfuzu, artan gücü və qüdrəti sayəsində əldə olunan iqtisadi nailiyyətlər ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Etibarlı gələcəyə daha yüksək inkişafına təminat verən bu münbit şərait sabit iqtisadiyyatın, müstəqil maliyyə və iqtisadi sisteminin hesabına formalaşıb.

Bu gün iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktı və son 20 ildə ölkəmizə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunmaısı Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu təsdiq edir.

Sentyabrın 26-da keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu zamanı Prezident İlham Əliyevin söylədiyi fikirlər, Azərbaycanın qarşıdakı dövrdə iqtisadi inkişafının əsas istiqamətlərini, mövcud imkanları və yeni investisiya perspektivlərini diqqətə çatdırması ölkəmizin gələcəkdə daha böyük potensiala malik olacağına əminlik yaradır. Bu əminliyin əsasını formalaşmış iqtisadi potensialın qorunması ilə yanaşı, qeyri-neft sektorunun imkanlarının daha geniş şəkildə reallaşdırılması təşkil edir. Azərbaycanın gələcək iqtisadi inkişafında bərpaolunan enerji xüsusi əhəmiyyət daşıyır. Xəzərin Azərbaycan sektorunda mövcud olan böyük enerji potensialı, eləcə də quruda yaradılan günəş və külək elektrik stansiyaları bu sahənin geniş imkanlarını nümayiş etdirir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi elektrik istehsalında təbii qazdan istifadənin optimallaşdırılmasına və əldə olunan qaz resurslarının daha böyük hissəsinin ixraca yönəldilməsinə imkan yarada bilər. Beləliklə, enerji keçidi yalnız ekoloji məqsədlərlə deyil, həm də iqtisadi səmərəlilik və yeni ixrac imkanları baxımından mühüm əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsi də Azərbaycanın iqtisadi mövqeyini gücləndirən əsas istiqamətlərdəndir. Dəmir yollarına, limanlara, avtomobil yollarına və hava nəqliyyatına yatırılan investisiyalar ölkənin tranzit imkanlarını genişləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın fəal iştirakı ölkənin beynəlxalq ticarət və təchizat zəncirlərində rolunu artırır. Regional dövlətlərlə inkişaf etdirilən iqtisadi və nəqliyyat əlaqələri Azərbaycanın yeni tranzit imkanlarının formalaşmasına əlavə şərait yaradır.

Enerji sahəsində gələcək perspektivlər də yalnız ənənəvi enerji ixracı ilə məhdudlaşmır. Mərkəzi Asiyanı Azərbaycan və Avropa ilə əlaqələndirəcək enerji layihələri, sualtı elektrik kabelinin çəkilməsi, yeni elektrik ötürücü xətlərin və enerji saxlanc sistemlərinin yaradılması regional əməkdaşlığın genişlənməsi baxımından mühüm imkanlar açır. Eyni zamanda, artan enerji potensialı rəqəmsal texnologiyaların, məlumat mərkəzlərinin və süni intellekt əsaslı infrastrukturun inkişafına da yeni imkanlar yarada bilər. Bu baxımdan Azərbaycanın enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafı ilə paralel şəkildə yeni iqtisadi dəyər formalaşdırmaq imkanına malikdir.

Müasir dünyada hər bir ölkənin iqtisadi inkişafının davamlılığı maliyyə və enerji resursları ilə bərabər insan kapitalından da çox asılıdır. Xaricdə təhsil proqramları, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə həyata keçirilən layihələr ölkənin kadr potensialının gücləndirilməsinə xidmət edir. Neft-qaz sənayesində yerli mütəxəssislərin rolunun artması insan kapitalına yönəlmiş siyasətin əhəmiyyətini göstərən nümunələrdən biridir. Eyni yanaşmanın rəqəmsal iqtisadiyyat və yeni texnologiyalar sahəsində davam etdirilməsi Azərbaycanın innovasiya imkanlarını genişləndirə bilər.

Azərbaycanın investisiya cəlbediciliyində iqtisadi sabitliklə yanaşı, uzunmüddətli əməkdaşlıq və müqavilə öhdəliklərinə sadiqlik də mühüm amil kimi çıxış edir. Uzun illər əvvəl imzalanmış enerji müqavilələrinin şərtlərinin qorunması bu istiqamətdə formalaşmış etimadın əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Beynəlxalq investisiya forumları isə ölkənin iqtisadi potensialının təqdim edilməsi, investorlarla birbaşa dialoqun genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənədlər deməyə əsas verir ki, Azərbaycanın gələcək dövr üçün yeni iqtisadi inkişaf modeli ölkəmizə çoxlu dividentlər gətirəcək və tərəfdaş ölkələrə nümunə olacaq. Ölkənin formalaşdırdığı iqtisadi potensial və həyata keçirilən infrastruktur layihələri yeni inkişaf imkanlarının reallaşdırılması üçün geniş baza yaradacaqdır.

DİGƏR Xəbərlər Arxiv