YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixi ədaləti bərpa etdi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək diqqəti Qazaxın 4 kəndinin azad edilməsinə, eyni zamanda,  hazırkı dövrün əsas çağırışlarından olan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına yönəltdi. Vurğuladı ki, Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır. Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər.  ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı  həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik.

Cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il  tarixli üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Ermənistanı könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı: “Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və hətta deyərdim ki, üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Amma həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmadı, lakin bilirdik ki, bütün hallarda biz ona nail olacağıq. Bütün ərazilərimiz üzərində tam nəzarəti qaytaracağımızı bildiyimiz kimi. Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir”.

Azərbaycan bu məsələdə ədalətə nail oldu.  Dövlət başçısı İlham Əliyev tərəfindən artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub. Bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilir, onların təhlükəsizliyi təmin edilir. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün, ilk növbədə əhalinin təhlükəsizliyi öndə dayanır. Demarkasiya prosesi də aparıldı. Bu ay Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olacaq.

 İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir.  Ermənistanda gedən silahlanma prosesi  Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Cənab İlham Əliyev qeyd etdi ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək.

Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Azərbaycan    sülh istəyir. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görünən budur ki,  Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Dövlətimizin başçısı bu çağırışı etdi ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar: “İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Cənab İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, sülh müqaviləsi ilə bağlı  bütün şərtlərimiz  qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik: “Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər”.

Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində xoş ovqat, sabahaımıza böyük inam, yeni-yeni hədəflər, çağırışlar öz əksini tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, görülən və görüləcək işlər, hədəflər qalib, bütövləşən Azərbaycana  möhtəşəm uğurlar vəd edir.