Xəbərlər
Uğurlarımızın miqyası olduqca genişdir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Hər bir ölkənin inkişafında iqtisadi faktor əsasdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin vəhdətliyi fonunda qazandığı uğurların miqyası olduqca genişdir. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillərdən, uğurlarımızın təqdimatı olan sosial-iqtisadi göstəricilərdən bəhs etdi. Vurğuladı ki, keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artıb. Bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektoru 6 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur: “Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır”. Cənab İLham Əliyev onu da əlavə etdi ki, bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və bu il, gələn illərdə bu dinamika saxlanılacaq.
Müsahibədə iqtisadi inkişafımızın əsas göstəricilərindən biri kimi 2025-ci ilin dövlət büdcəsinə də diqqət yönəldildi. Belə ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amillər təsdiqləyir ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatıb.
İqtisadi inkişafın digər mühüm göstəricisi əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Əldə edilən bu nəticələr dövlətin həyata keçirdiyi siyasətin mahiyyətini göstərir. “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır. Sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, ilk növbədə, sosial sahə diqqətdə saxlanılır. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu ilin əvvəlindən beşinci sosial paketin icrasına başlanılıb. Prezident İlham Əliyev bu çağırışı etdi ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.
Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş ərazilərimizin bərpasıdır. Bu, özünü dövlət büdcəsindən ayırmalarda da təsdiqləyir. Belə ki, 2025-ci ilin dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 4 milyard manat vəsait ayrılıb. Son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar. Bu il üçün hədəf daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Bu günədək 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq azad edilmiş ərazilərdə 30-dan çox su elektrik stansiyasını işə salınıb, dəmir yolları çəkilib. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Qarabağın cənnətə çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub. Dövlət başçısı İlham Əliyev bildirdi ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq buranı doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevrəcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlanılır. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlanılacaq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur.
Göründüyü kimi, bütün hədəflərə ardıcıllıqla nail olunması ölkəmizin hərtərəfli inkişafında, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməsində özünü təsdiqləyir. Azərbaycan əvəzolunmaz ölkəyə çevrilib.