Xəbərlər
Davamlı uğurlarımızla dünyanın diqqətindəyik
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasət uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən, qalib, bütövləşən Azərbaycanın dəyişməz mövqeyindən geniş bəhs etdi. Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlarımız dünyanın diqqətindədir. Ölkəmizin iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınmasında da bu amilin rolu böyükdür. Azərbaycan, eyni zamanda, sabitlik, təhlükəsizlik məkanı kimi tanınır. “Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər” söyləyən cənab İlham Əliyev bildirdi ki, ümumi daxili məhsul 4 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illərdir iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə, bunun təməlində düşünülmüş siyasət dayanır: “Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
Göründüyü kimi, dövlət başçısı iqtisadi amili öndə saxlayır. Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üün aktullığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Cənab İlham Əliyevin son 21 ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu gün böyük fəxr hissi ilə işğadan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs ediriksə, bu, ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Azərbaycan bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bildirdi ki, üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə.
Bu il üçün planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılmasıdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Əsas infrastruktur layihələrini bir-iki ilə başa çatdıracağıq. Cənab İlham Əliyev bu mühüm məqamı vurğuladı ki, ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür: “Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir”.
Əsas hədəf Qarabağı cənnətə çevirməkdir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq fonunda bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək: “Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur”.
Cənab İlham Əliyev müsahibədə Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük əzm və qətiyyət nümayiş etdirildiyini də diqqətə çatdırdı. Bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Biz belə vəziyyətdə qala bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun: “Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir”.