YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi uğurlar, yeni məqsədlər

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Dünya azərbaycanlılarının həmrəyliyinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır.

Ümummilli Lider qeyd edib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Bu dəyərli fikirlər sübut edir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir. Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında “Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da Azərbaycandır” deyərək, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə çağırıb. Ulu Öndərin milli birlik və azərbaycançılıq ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı xalqımızın həmrəyliyinə verdiyi töhfələrlə ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhu yüksəldib, bu sahədə məqsədyönlü fəaliyyəti, milli birliyə xidmət edən addımları ilə dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.

Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə soydaşlarımıza ünvanladığı təbriklər Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarının dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür.

44 günlük Vətən müharibəsi dünya azərbaycanlıların həmrəyliyinin təcəssümünə çevrilmişdir. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. O zaman siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirmişdir. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etmişdir.

Məhz dövlət başçımızın ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə Qələbəyə ruhlandırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi Qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Bu baxımdan mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını (Zəfər Qurultayı) xüsusilə qeyd etməliyik. Dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda saxlamaq üçün mənəvi stimul rolunu oynadı. Eyni zamanda, Zəfər Qurultayı diaspor təşkilatları, bütövlükdə dünya azərbaycanlıları qarşısında yeni vəzifələr qoyaraq prioritet istiqamətləri müəyyənləşdirdi.