Xəbərlər
Məhəmməd Şahbaz Şərif: Cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.
Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”