YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə BDU tələbələrinin görüşü keçirilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, dünyada hər bir ölkənin tərəqqisi xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin və gərgin əməyinin bəhrəsidir: “Tarixi şəxsiyyətlər uğurları ilə qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanır. Bu mənada, xalqımızın Ümummilli Lideri Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olaraq ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olub. Ulu Öndərin uğurlu fəaliyyəti əsl dövlətçilik məktəbi olaraq gənclərimiz üçün əsl nümunədir. Müstəqil Azərbaycanın inkişafında Ümummilli Liderin əvəzsiz xidmətləri olub. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq müstəqilliyimizi əbədi və dönməz edib. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkərək respublikamızın sürətli inkişafı naminə bütün imkanlardan istifadə edib”.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri isə, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlərdir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası tam olaraq təmin edilib.

Daha sonra məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır: “Xalqımız hər zaman müasir dövlətimizin memarı və qurucusu, müstəqil Azərbaycanın inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla yanaşı, tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyəti bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın və milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümünə çevrilib. Geniş bilik və dərin təfəkkürə malik olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə yalnız müstəqillik dövründə deyil, bütün dönəmlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qarşıya qoyulmuş vəzifələri düzgün müəyyənləşdirərək onları məharətlə həyata keçirib”.

Qeyd olunub ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz lideri ilə qürurludur. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü və qüdrəti sayəsində tarixi zəfərlərimizlə azadlığa qovuşub. Xalqımız, hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında sıx birləşib.

Diskussiya şəraitində davam etdirilən görüşdə gənclərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv