Xəbərlər
Prezident İlham Əliyev milli bayram münasibətilə albaniyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə albaniyalı həmkarı Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
Məktubunda Albaniya Prezidentinə və xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: “Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.
Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan vermişdir.
Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə Bayram Beqaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıb.