Xəbərlər
Ekoloji problemlərin həlli üçün milli və qlobal məqsədlər
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Ölkəmiz bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etmək hüququ qazandı. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan bu mötəbər tədbirin rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, COP29 ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyur. Prezident İlham Əliyev çıxışlarında bu məsələni yüksək qiymətləndirərək deyib: “COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
Cənab İlham Əliyev tərəfindən deyilən bu fikirlər ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun ən yaxşı və lakonik ifadəsidir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərarı, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və qlobal problemlərin həllində fəal iştirakının bariz nümunəsidir. Bu tədbir, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və Azərbaycanın bu istiqamətdəki səylərinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf və ekoloji problemlərin həlli ilə bağlı mühüm təşəbbüslərin irəli sürülməsi və tətbiqində lider mövqeyə sahibdir. Belə bir beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın liderliyini daha da möhkəmləndirir. Tədbir, həmçinin, Azərbaycanın müasir, inkişaf edən və qlobal problemlərin həllinə töhfə verən bir ölkə imicini daha da gücləndirir və “yaşıl iqtisadiyyat” sahəsində təşəbbüsləri ilə ölkəmizin qlobal iqlim gündəmində əhəmiyyətli bir iştirakçı kimi qəbul edilməsinə şərait yaradır. COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ekoloji problemlərin həlli üzrə milli və qlobal səylərin birləşdirilməsi baxımından əhəmiyyətli hadisədir.
Təbii ki, dünya ictimaiyyəti tərəfindən göstərilən bu hörmətin arxasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi quruma sədrlik etməsi, 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməsi, Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq 4 il uğurla sədrlik etməsi kimi danılmaz faktlar dayanır. Bu faktların davamı olaraq, Azərbaycan dünyanın daha bir əhəmiyyət daşıyan dövlətlərarası tədbirinə - COP29-a yüksək peşəkarlıqla ev sahibliyi etdi. Bu möhtəşəm tədbirə 70 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə qarşı beynəlxalq ictimaiyyətin özü tərəfindən verilən ən tutarlı cavab oldu. Bu, eyni zamanda, Azərbaycanın artan nüfuzu ilə bağlı quru sözlərlə deyil, real əməldə verilən mesajdır.
Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış oldu. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Bununla yanaşı, müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirildi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi. Bunun nəticəsində Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunması tarixi hadisə idi. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunmuşdu. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru hesab olunur. COP29 çərçivəsində İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər də imzalanıb. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək.
Bütün maneələrə baxmayaraq Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu. Dövlətimizin başçısı Bakı nailiyyətlərini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirir. Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar. Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək dəyərləndirirlər. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.