Xəbərlər
COP29: İqlim təşəbbüsləri və qlobal əməkdaşlıq
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Beynəlxalq aləmdə xüsusi yeri və çəkisi olan, yüksək etmad qazanmış, qlobal problemlərin həll edildiyi məkana çevrilən Azərbaycan daha bir əhəmiyyətli tədbirə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəldən bu mötəbər tədbir işini uğurla başa çatdırdı. Bu mühüm hadisə Azərbaycanın növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.
Prezident İlham Əliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən və müdrik siyasəti zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. COP29-un Azərbaycanda keçirilməsi məhz bu siyasətin nəticəsidir. Bu qərar ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığı fəal rolun dəyərləndirilməsidir.
Azərbaycan dəfələrlə qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Ölkəmizin belə tədbirləri keçirmək üzrə böyük təcrübəsi var. “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər ölkəmizdə uğurla keçirilib. Təbii ki, COP29-un Azərbaycanda keçirilməsinə qərar veriləndə ölkəmizə olan hörmət, etimadla yanaşı bu amil də əsas rol oynayıb. Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə sürətli keçidi, iqlim dəyişmələri ilə mübarizə sahəsində atdığı addımlar, bu istiqamətdə irəli sürdüyü təşəbbüslər həmin qərarın qəbuluna əhəmiyyətli dərəcədə təsir edib.
Tədbir noyabrın 11-də başladı və ən yüksək səviyyədə keçirildi. 200-ə yaxın ölkədən Azərbaycana gələn xarici qonaqlar, 12 gün ərzində ölkəmizin gözəlliyinə, xalqımızın mehribançılığına, qonaqpərvərliyə və nümunəvi təşkilatçılığa şahidlik etdilər.
Media mənsublarının fəaliyyətləri üçün hər cür lazımi şərait yaradılmışdır. Bu da tədbirdə aparılan müzakirələrin, alınan qərarların, bütün dünyada geniş işıqlandırılmasına şərait yaradırdı. Bütün bunlar həm də COP29 timsalında ölkəmizin ən gözəl tanıtımı idi desək yanılmarıq.
COP29 olduqca əhəmiyyətli qərarların qəbul edilməsi ilə yadda qaldı. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bu əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu, COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan tarixi uğurdur.
COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi ilə bağlı razılıq əldə olundu. Bu da COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. Qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.
2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması COP29-da əldə olunan əsas nailiyyətlərdəndir. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur.
Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 təşkilatçılıq, eyni zamanda, əldə olunan nəticələrə görə tarixi tədbir oldu. Ölkəmiz belə beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi.