YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrimizin əhatə dairəsi çoxşaxəlidir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

İki yüz milyon insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biridir. Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Növbəti belə səfər noyabrın 6-da baş tutub. Ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekə gəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi etdiyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşünə  dəvət olunması və təşkilata üzv ölklərin dövlət başçıları ilə görüşlər keçirməsi də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan təşkilatın əksər üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Səfər zamanı dövlət başçısı təşkilatın üzv dövlətlərinin başçıları ilə təkbətək və geniştərkibli görüşləri baş tutub. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir.

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Prezident İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Bu gün dünyanın da gördüyü budur ki, Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir. Elə təkcə bu faktın özü də dünyaya bir mesajdır".

Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.  Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.