YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Zəfər Günü və Dövlət Bayrağı Gününə qeyd edilib

Noyabr ayının 6-da Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını  ziyarət ediblər.

Əvvəlcə tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qazandığı və Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Bu müharibə nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir. Bu Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur.

R.Əhmədov vurğulayıb ki, Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini yaşadı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq.

Tədbirdə SHXÇ üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin məsul əməkdaşı Rüstəm Xudiyev, Ağcabədi şəhər 3 saylı uşaq bağçasının müdiri, şəhidin həyat yoldaşı Samirə Xudiyeva, 8 saylı Ərazi Partiya Təşkilatının sədri Anar Qasımov, Heydər Əliyev mərkəzinin direktor əvəzi, Vətən müharibəsi qazisi Ruhin Hüseynov çıxış ediblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəhid ailəsi üzvü, qazi və hərbçi Fəxri fərmanlarla təltif edilib.

Sonda Ağcabədi şəhər 2 və 5 saylı Körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında şeirlər səsləndirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır.