YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordumuzun Zəfər yürüşü

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Böyük sevinc və qürur hissi ilə hər günü bir əsrə bərabər olan İkinci Qarabağ müharibəsinin 4-cü ildönümünü – 8 Noyabr - Zəfər Gününü təntənəli şəkildə qeyd edirik.

Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında  bütün dünyaya öz gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq möhtəşəm qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzun rəşadəti və xalqımızın həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri olan Şuşa mənfur düşmən tapdağından qurtuldu. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlardan oldu.

Müharibə zamanı hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Qəhrəman əsgər və zabitlərimiz bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət Zəfər çalsın.

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına qazanılıb. Bu möhtəşəm Qələbə, eyni zamanda, xalq-iqtidar birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi-iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Bu gün isə Qarabağın yaraları sağalır, bu yerlərə yeni həyat qayıdır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə quruculuq işləri surətlə davam etdirilir.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Nəticə olaraq, Zəfər Gününün mahiyyəti Azərbaycanın dövlət müstəqilliyinin, milli birliyinin və ərazi bütövlüyünün bərpasında önəmli bir mərhələni ifadə edir. Bu gün, xalqın tarixi yaddaşında Qələbənin, ədalətin və milli ruhun əbədi yaşadılacağı bir simvol kimi əhəmiyyətlidir.