Xəbərlər
Müasir nəqliyyat-logistika mərkəzi

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazilərimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazilərimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq” – deyə dövlət başçısı bildirib. Qürurla deyə bilərik ki, ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi geniş həcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir.
Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsində önəmli rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) layihəsi 2017-ci ildə istifadəyə verilib. Respublikamızın təşəbbüsü ilə inşa edilən bu dəmir yolu xətti vasitəsilə regionda və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradılıb. Tərəfdaş dövlətlər tərəfindən ötən müddətdə BTQ dəmir yolundan səmərəli istifadə edilib. Ərazilərimizdən keçən yolların çoxşaxəli olması isə ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı bu gün yüklərin Avropaya və əks istiqamətə daşınmasında mühüm əhəmiyyətə malikdir. Bu polad magistralın fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da İpək Yolu layihəsi çərçivəsində reallaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi kimi mühüm önəm daşıyır. Beynəlxalq yükdaşımaların inkişafı ilə bağlı həyata keçirilən layihələr həm də dəniz nəqliyyatında əlverişli şərait yaradıb.
Prezident İlham Əliyevin logistika sisteminin inkişafına diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidinin reallaşması ilə bağlıdır. Bundan əlavə, yükdaşımalarda qanunvericiliyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazilərimizdən yük axınının kəskin artmasını nəzərə alaraq dəhlizlərin ötürücülük imkanlarının artırılmasını təmin etmək məqsədilə daha böyük işlər həyata keçirilir.
XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində anlaşmaya nail olunmasına səy göstərəcəyik.