YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiyanın mühüm nəqliyyat mərkəzi

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

“Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”. Dövlət başçısı İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın tranzit imkanlarından və əməkdaşlığın genişləndirilməsində rolundan  bəhs etdi.

Onu da qeyd edək ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı ölkələrin hər birinin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan sözügedən tədbir də diqqətdən kənarda qalmadı. O da məlumdur ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Hazırda əsas məqsədlərdən biri də BRICS-in tərkibinin genişləndirilməsidir. 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib.  Bunlardan biri də Azərbaycandır. Ölkəmizin iqtisadi və siyasi imkanları bu təşkilatda da yüksək səviyyədə  təmsil olunmasına əsaslar yaradır. Ölkəmizin dövrün hər bir çağırışını yüksək səviyyədə yerinə yetirərək dayanıqlı iqtisadi inkişafını təmin etməsi daim diqqətlə izlənilir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlu icrasının ölkəmizə qazandırdığı  nailiyyətlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hazırda yalnız neft deyil, qaz, elektrik enerjisi ixracatçısı kimi də dünyanın diqqətindədir.  Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən Azərbaycan etibarlı və arzuolunan tərəfdaş imicini qazanıb. Bu gün bərpaolunan enerji sahəsində mövcud imkanlarımız ölkəmizin hazırkı dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsini şərtləndirir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə Azərbaycanın  dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Bu layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır.

XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası bütün bu məsələlərin geniş təhlilini imkanlar yaratdı. Azərbaycan Prezidentinin tədbirdə iştirakı və çıxışı ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı oldu. Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Azərbaycanın  Qoşulmama Hərəkatına sədrliyi və mötəbər tədbirlərə ev sahibliyi  ölkəmizin multilateralizmə, qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Onu da qeyd edək ki, 2024-cü ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı qərarın qəbul olunması Azərbaycanın  qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrin növbəti nümayişi oldu. “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.