YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik və inkişaf nümunəsi

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Gələcək nəsillər Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan Vətən müharibəsini həmişə qəhrəmanlıq salnaməsi kimi xatırlayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, o cümlədən Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza və qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 

Şanlı Zəfər yürüşünün – Vətən müharibəsinin 24-cü günü - 20 oktyabr tarixi həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunub. Çünki həmin gün Zəngilan Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. 27 il davam etmiş işğala son qoyulan bu tarixi günü zəngilanlılar böyük fəxr və qürur hissi ilə xatırlayırlar.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Tarixi həqiqətlərə nəzər saldıqda görürük ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüsünə əsasən, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın və Zəngəzur qəzası Gəncə quberniyasına tabeliyinə verilib.  1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Hər kəsə yaxşı məlumdur ki, rayon ərazisində yerləşən onlarla milli və dini-tarixi abidələr var. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazi bir sıra faydalı qazıntılarla - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı ilə zəngindir. Rayon ərazisindən 4 çay - Araz, Oxçuçay, Həkəri və Bəsitçay keçir.

Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. Zəngilanlılar həmin günü ağrı-acı ilə xatırlayırlar. 27 illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb.

Zəngilan rayonu Böyük Qayıdış Proqramı çərçivəsində aparılan işlər nəticəsində artıq sabitlik və inkişaf məkanına çevrilib. Bu gün isə zəngilanlılar öz yurdlarına qayıdır, həsrətində olduqları torpaqlarına qovuşurlar. Əsaslı şəkildə yenidən tikilən kəndlərinə, evlərinə köçürlər. Günün mübarək olsun, Zəngilan, sevinciniz həmişə aşıb-daşan olsun, əziz zəngilanlılar!