YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Həyata keçirilən islahatlar ölkənin inkişafına hədəflənib

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, cəmiyyətdə dəyərlərin daha da güclənməsinə hədəflənib. Müstəqil ölkəmizin tərəqqisinin geniş vüsət almasında kadr islahatlarının da rolu böyükdür. Bu istiqamətdə düşünülmüş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır.

12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı yeni təyin olunmuş kadrlara böyük etimad göstərildiyini xüsusi ilə qeyd edib.

Bu etimadın əməyə, dürüstlüyə və xalqa xidmətə əsaslanaraq doğruldulmasının vacibliyini qeyd edən ölkə başçısı məmurların həm işdə, həm də şəxsi həyatlarında təvazökar və nümunəvi olmalarının vacibliyini vurğuladı. Bu, dövlət idarəçiliyində etik standartların önəmini bir daha ortaya qoydu. Korrupsiya və təkəbbürlü davranışların həm şəxsi nüfuz, həm də dövlət imici üçün ziyanlı olduğu xüsusi olaraq qeyd olunan görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.

Bölgələrdə elektrik enerjisi, magistral və kənd yolları, içməli su layihələri, xəstəxana və məktəb tikintisi kimi əsas infrastruktur işləri demək olar ki, başa çatdığını diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.

Bölgələrdə məşğulluq və iş yerlərinin yaradılmasıprioritet məsələlərdəndir. Sahibkarlığın dəstəklənməsi, özünüməşğulluq proqramlarının icrası, kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi bölgələrdə iqtisadi canlanmanın təmin olunmasını hədəfləyir. Bu, həm də şəhərlərə miqrasiyanın qarşısını almaq və bölgələrdə yaşamaq səviyyəsini artırmaq məqsədini daşıyır.Prezident İlham Əliyev dəfələrlə çıxışlarında əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılmasının əhəmiyyətini vurğulamış və bu istiqamətdə konkret qərarlar qəbul etmiş, əməli addımlar atmışdır. Yeni təyin edilən kadrlarla görüş zamanı Prezident İlham Əliyev xüsusi ilə vurğulayıb: “Yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”.

Bölgələrdə ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayan ölkə Prezidenti çıxışında Bakı və Sumqayıtda həyata keçirilmiş ekoloji layihələrə istinad edilərək, bölgələrdə də qanunsuz fəaliyyətlərin qarşısının alınması, təbii sərvətlərin qorunması və ətraf mühitin sağlamlaşdırılması prioritet olaraq qeyd edib. Bu yanaşma, regionlarda davamlı inkişaf və ekoloji balansın təmin olunması strategiyasını əks etdirir.

Ölkə Prezidenti İlham Əliyevin uğurlu gələcəyə hesablanmış praqmatik siyasətin davamlılığı, məmurların məsuliyyətli fəaliyyəti və bölgələrdə sosial-iqtisadi inkişafın gücləndirilməsi ətrafında formalaşır. Vurğulanan etimad, məsuliyyət və şəffaflıq prinsipləri, həmçinin korrupsiya və qanunsuzluğa qarşı sərt mövqe dövlət idarəçiliyində güclü nəzarət və ictimai etimadın qorunması mesajını verir. Bacarıqlı, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrların irəli çəkilməsi ölkəmizə, cəmiyyətimizə daha çox səmərə verə bilər.