YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurların işığında

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

“15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin Xankəndi şəhərindən Azərbaycan xalqına müraciəti çox mühüm əhəmiyyət kəsb edir. Bu əlamətdar hadisə artıq müasir dövlətçilik salnaməsinə tarixi bir gün kimi daxil olub. Həmin gün Xankəndi şəhərinin mərkəzi meydanında Ali Baş Komandan tərəfindən şanlı bayrağımızın ucaldılması xalqımızın istək və arzularının ən bariz nümunəsi idi”.

Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, xalqımız hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi: “21 il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan cənab İlham Əliyev qarşıya bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Elə bu kontekstdə ötən dövrdə güclənən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Bir çox hallarda önəmli təşəbbüslərin müəllifi kimi çıxış edən dövlətimizin mövqeyi, addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Eyni zamanda ötən illər ərzində Qarabağ probleminin həlli istiqamətində dövlətimiz tərəfindən güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Güclü iqtisadi əsasların formalaşdığı son 21 il ərzində ölkəmizdə əldə edilmiş uğurlar göz qabağındadır. Məhz bu müddət ərzində ölkə iqtisadiyyatı bir neçə dəfə artıb ki, bu da əsl müstəqilliyə nail olmaq üçün olduqca vacib amildir. Çünki güclü iqtisadiyyatın və ordunun olması dövlətin gücünün göstəricisi hesab edilir. Bütün bu uğurların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilir. 2020-ci ildə Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Eyni zamanda, 2023-cü ilin sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən ağ bayraq qaldıraraq təslim oldu”.

Təşkilat sədri vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Xankəndidə şanlı üçrəngli bayrağımız qürurla dalğalanır: “Bu böyük Qələbə xalqımızın yaddaşında və dövlətçilik tariximizdə əlamətdar hadisə kimi əbədi qalacaq. Gələcək nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcək. Məhz ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yüz illik yubileyinin qeyd edildiyi ərəfədə yaşanan qürurlu hadisələr dahi şəxsiyyətin əziz xatirəsinə ən böyük hörmət və ehtiramın göstəricisidir. Tarixi reallıq odur ki, Ermənistanın ərazilərimizi işğalda saxlaması faktı ilə heç vaxt barışmayan xalqımız tarix boyu böyük əzab və əziyyətlər çəkərək bütün sınaqlardan üzüağ çıxmağı bacarıb. Bütün məkrli qüvvələr Ermənistanın arxasında olsa da, xalqımız qələbəyə olan ümidini heç vaxt itirməyib. Fakt odur ki, vaxtilə Ermənistanı işğala təhrik edən, onları dəstəkləyən və bu mənfur dövlətin işğalçı siyasətinə bəraət qazandıran xarici qüvvələr bu gün yenə də Azərbaycana qarşı düşmən mövqedə dayanıblar. 30 illik işğal dövründə xalqımızın böyük faciələrlə üz-üzə qalması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaqlarımızın talana və dağıntıya məruz qalması anti-Azərbaycan qüvvələri maraqlandırmır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur”.

Abbas Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Bundan sonra erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Təəsüf ki, o vaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdə saxlaya bilməyib, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərmişdi. Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər və beynəlxalq terrorçularun gəlməsi ilə xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasəti başladılmışdı”.

A.Əliyev 1987-1993-cü illərin xalqımızın yaddaşında faciəvi, böhranlı, utancverici illər kimi qaldığını bildirib: “Torpaqlarımızın işğal edilməsi ilə müşayiət olunan bu illər ərzində ölkəmizdə bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdı. AXC-Müsavat cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimizin 20 faizi erməni işğal altına düşdü. Məhz bu ağrılı günlərdə Heydər Əliyev amili Azərbaycan xalqının imdadına yetişdi. Vaxtilə xalqımıza qarşı amansızlıq etmiş, hərbi cinayətlər törətmiş erməni canilərindən bəziləri indi Bakıda qanun qarşısında cavab verir. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərqərar olması fonunda Azərbaycan xalqının qüruru və ləyaqəti özünə qaytarıldı. Artıq qalib, güclü Azərbaycanın şanlı bayrağı azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. Xankəndi, Xocalıda, Xocavənddə, Ağdərədə və azad edilmiş digər bölgələrimizdə misilsiz işlər görülür. Artıq Xankəndidə qısa zamanda Qarabağ Universiteti fəaliyyətə başlayıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində prezident və parlament seçkiləri keçirilib. Eyni zamanda bu gün Qarabağın tacı olan Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir”.