YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi missiya uğurla yerinə yetirildi

“Azərbaycan otuz il düşmən işğalına dözmək məcburiyyətində qaldı. Amma işğal və onun nəticələri ilə, o cümlədən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları, yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınması, ziyarətgahlarımızın dağıdılması, şəhər və kəndlərimizin talan edilməsi ilə barışmadı. 44 günlük müharibədə Azərbaycan erməni silahlı qüvvələrini şəhər və rayonlarımızdan təmizlədi. Vətən savaşında qalib Azərbaycan ordusunun tək uğuruna yox, həm də cəsarət və qəhrəmanlığına görə əvəzolunmaz əməliyyatlarından biri də Füzuli şəhərinin işğaldan azad olunması idi. Erməni qəsbkarlarının zülmü altında xarabaya çevrilən Füzuli şəhərinin azad olunması strateji əhəmiyyət daşıyırdı. Çünki əsası 1827-ci ildə qoyulan Füzuli şəhəri Qarabağın qapısı hesab edilirdi. Belə mühüm coğrafi mövqeyə malik şəhərin azad olunmasının böyük strateji əhəmiyyəti var idi. Buna görə də Füzuli uğrunda çox şiddətli döyüşlələrdə düşmən güclü müqavimət göstərsə belə, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını uğurla yerinə yetirdi.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. 

O bildirib ki, Füzuli şəhəri uğrunda gedən döyüşlər ordumuzun Vətən müharibəsinin cənub-şərq cəbhəsində ən uğurlu və mühüm döyüşlərindən biri kimi yadda qaldı. Füzuli əməliyyatı ordumuzun hərbi qüdrətini, peşəkarlığını bir daha təsdiqlədi və bütün dünyaya sübut etdi ki, heç bir qüvvə hərbçilərimizin işğalçılara qarşı yönəlmiş qələbə əzmini sarsıda bilməz. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Ordumuz yüksək peşəkarlıq, məharət, cəsarət, fədakarlıq göstərərək, otuz il ərzində yaradılan və bir çoxlarının “keçilməz” saydıqları istehkamları aşaraq qısa müddət ərzində rayonun əksər kəndlərini və Füzuli şəhərini düşməndən azad etdi. Şərəfli ordumuz Füzuli şəhərini azad etməklə Qarabağın incisi Şuşa şəhərinə doğru irəliləmək imkanı qazandı və bu uğurlu hərbi əməliyyat erməni qəsbkarlarının müqavimət əzmini, iradəsini qırdı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək qaçmağa məcbur oldu. Beləliklə, Füzuli qəsbkarlardan təmizləndi. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər etdilər. Dövlət başçımız tərəfindən bayrağımızın Füzulidə qaldırılması müasir tariximizin şanlı səhifələrindən biri kimi yadda qaldı. İşğal illərində düşmən vandalizminə məruz qalan Füzuli rayonunun şəhər və kəndləri, infrastrukturu, tarix-mədəniyyət abidələri düşmən tərəfindən amansızcasına talan olunaraq dağıdılıb. Ancaq bu gün Azərbaycan erməni işğalının izlərini silir, Füzuliyə həyat qayıdır, yol, energetika, su, nəqliyyat infrastrukturunun tikintisi işləri sürətlə davam edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Qarabağın hava qapısı” sayılan Füzuli Beynəlxalq Hava Limanı bu gün böyük təyyarələri qəbul edir. Füzuli şəhəri işğaldan azad edilmiş bütün ərazilər kimi dirçəlir, inkişaf edir, əsl sahiblərinə qucaq açıb. Deputat yekunda qeyd edib ki, bu gün şəhər gününü təntənəli şəkildə qeyd etdiyimiz Füzulidə xarabalıqlar yerində yeni həyat alovlanır və füzulililər bu əlamətdar günü el-obalarında firavan və xoşbəxt həyat yaşamaqla qeyd edirlər. Bu, tək füzulililərin yox, bütün Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan və qurucu Prezident İlham Əliyevə əbədi minnətdarlıq hissidir.