YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Zəfərə aparan hər bir gün

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.

Bu böyük qələbənin əbədiləşdiliməsi, döyüşçülərin təltif olunması üçün  “Füzulinin azad olunmasına görə” medal təsis olunmuşdur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Digər işğaldan azad olunmuş rayonlarımıza olduğu kimi, cənab Prezident Füzulinin  bərpa və yenidənqurmasına  böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident rayona 14 dəfə səfər etmiş, şəhərin  Baş planı təsdiq olunmuş, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulmuşdur. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır.