YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Zəfərə yol açan tarixi gün

Bədəl Bədəlov

Milli Məclisin deputatı

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin ən qanlı döyüşlərindən biri Füzuli şəhərinin azad olunması uğrunda gedib. Müzəffər Ali Baş Komandanın mükəmməl hərbi taktikası, qəhrəman ordumuzun şücaəti nəticəsində düşmənin onilliklərlə qurulan və “məğlubedilməzliyi” iddia olunan müdafiə səddi məhz bu döyüşlərdə yarıldı. Azərbaycan Ordusu düşmənin Füzulidə yüksək istehkam qurduğu mövqeləri darmadağın edərək peşəkarlığını nümayiş etdirdi.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 17-də Füzuli Şəhəri Günündə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə şəhidlərimizə dərin ehtiramını bir daha ifadə edib: “Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir”.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər. Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz.

Böyük Qayıdış Proqramı çərçivəsində Füzulidə də yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Füzuli şəhər sakinlərinin bir qrupunun qayıdışı təmin edilib. Bundan sonra füzulililərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edəcək. Keçmiş köçkünlər böyük qürur və fəxarət hissi ilə şəhər günlərini dədə-baba torpaqlarında qeyd edəcəklər. Füzuli Şəhəri Günü onlara Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu tərəfindən verilən ən böyük hədiyyə olaraq qalacaq.

Qarabağda başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Füzuli şəhərində ilk beynəlxalq hava limanı tikilmişdir. Dövlət başçısı Füzuli rayonunda 2026-cı ilin sonunadək 22 min insanın, bütövlükdə isə azad edilmiş ərazilərimizdə 140 min sakinin yaşayacağını söyləməklə, əslində, Azərbaycan dövlətinin qüdrətini bir daha ifadə etmiş oldu. Füzulinin, həmçinin digər tarixi torpaqlarımızın işğaldan azad olunmasında qətiyyət göstərən və buna nail olan cənab İlham Əliyev heç bir dövlətdən yardım almadan Qarabağ və Şərqi Zəngəzuru dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun olaraq ən müasir yaşayış məskəninə çevirmək əzmindədir. Düşmənin xaraba qoyduğu bütün şəhər, qəsəbə və kəndlərimizin tezliklə nümunəvi abad yaşayış məskəninə çevrilməsi heç kimdə şübhə doğurmur.

Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərinə bu ilin sonunadək 19 milyard manat vəsait ayırıb. Bu vəsait müxtəlif infrastrukturun bərpası, dağ-mədən sənayesinin inkişafı və digər sahələr üzrə layihələrə yönəldilib. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirilir. Bu ərazilərdəki yeni yaşayış və inzibati binalar ən yüksək “yaşıl tikinti” standartlarına cavab verəcək. Günəş panelləri, intellektual enerji təchizatı sistemləri sıfırdan tətbiq olunacaq.

Azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Bu, Azərbaycanın COP29-da sədrliyinin çoxsahəli fəaliyyət planının dayanıqlı və sağlam şəhərlərin yaradılması üzrə məqsədlərinə uyğundur.