YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımıza hər zaman qələbə yaraşır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

15 oktyabr 2023-cü il  tarixi Zəfərimizin növbəti təqdimatı oldu. Həmin ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi  lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa edildi, oktyabrın 15-də ölkə Prezidenti Azərbaycan Bayrağını  Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər birimiz bu günün gələcəyinə inanırdıq.

Uğurlarımız daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Müstəqilliyinin bərpasının 33 ilini arxada qoyan Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı və 2003-cü ildə xalqa tarixi müraciətində belə bir əminliyi  ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi və köməyi ilə axıra çatdıracaq.

Cənab İlham Əliyev Prezidentliyinin 17-ci ilində Azərbaycanın Zəfər tarixini yazdı, bundan üç il sonra – 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ümumilikdə 2023-cü il  Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə xarakterizə edilir. Belə ki, həmin  ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Sentyabrın 19-da isə qeyd etdiyimiz kimi, Silahlı Qüvvələrimizin apardığı bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Bu, Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Bu, bir daha göstərir ki, Azərbaycan  sülh və sabitliyin əsas təminatçısıdır. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursatın, ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam  şəkildə bərqərar oldu. Müzəffər Ali Baş Komandanın separatçılardan təmizlənmiş ərazilərimizə səfəri və burada Azərbaycan Bayrağını ucaltması böyük xoşbəxtlik və tarixi hadisə oldu.

Dövlət başçısı Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident  seçmişdir: “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu xoşbəxtlik hissi də  ifadə edildi ki, bu meydanda bu gün durmaq böyük  fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

30 il Azərbaycan böyük faciələrlə, hərbi təxribatlarla üz-üzə qaldı. Lakin  bu, xalqımızın inamını sındırmadı. Xalqımız tam əmin idi ki, dövlətimiin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad  ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq və yeni həyat başlayacaq. Artıq bu inam, əminlik reallıqda özünün aydın ifadəsini tapıb. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu günlərdə Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışında   xalqımızın əyilməz ruhunu belə ifadə etmişdir: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar”.

Son dörd il müstəqillik tariximizə işğaldan azad edilmiş torpaqlarımızın  bərpası və yenidən qurulması dövrü kimi daxil olub.  Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, soydaşlarımızın qayıdışı hər birimizi qürurlandırır. 17 oktyabr Füzuli Şəhəri Günüdür. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərini təsis etməsi bugünümüzün və gələcəyimizin əsas çağırışları sırasındadır. Bu mühüm sənəd tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət etməklə yanaşı, indiki və gələcək nəsillərə bu böyük Qələbənin qəhrəmanlarını unutmamağa, onların həyat yolunu bir vətənpərvərlik  məktəbi kimi  öyrənməyə çağırış edir.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Artıq Füzuli sevincli günlərini yaşayır.  Dövlət başçısı İlham Əliyev ötən il bu tarixdə Füzuli sakinləri ilə görüşündə bu məqamı xüsusi qeyd etdi: “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq». Cənab İlham Əliyev onu da  bildirdi ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının  öz torpaqlarını unudacağını, gənc nəslin, ümumiyyətlə, tamamilə fərqli bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

Zəfərlərimizdə  xalqımızın torpaq, Vətən sevgisi əhəmiyyətli rol oynayır. Dövlət başçısı füzulilərlə görüşündə bu çağırışı etdi ki, gənc nəsil  daim bu ruhda tərbiyə almalıdır. Şəhidlərimizin  qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur: “Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər.” Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir!

Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə qürur duyur. Bu xoşbəxtliyi  bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza daim  minnətdarıq. Azərbaycan xalqına hər zaman  qələbə yaraşır.