YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Zəfər yürüşünün möhtəşəm Füzuli səhifəsi

Heydər Əsədov

Milli Məclisin deputatı

Şanlı Zəfər yürüşünün – 44 günlük Vətən müharibəsinin 21-ci günü - 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.

Müzəffər Ali Baş Komandan xalqa müraciətində əminliklə ifadə etdi ki, “biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq”.

Füzuli uğrunda aparılmış savaş Azərbaycan dövlətinin və Ordusunun qüdrətini, xalqımızın yenilməzlik əzmini nümayiş etdirmişdir. O zaman bir sıra hərbi mütəxəssislər bu fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün, bəlkə, aylarla vaxt lazım olacaq. Buna baxmayaq, Silahlı Qüvvələrimiz keçilməz hesab edilən istehkamları yararaq irəlilədi, şanlı Ordumuzun şücaəti qarşısında işğalçı qüvvələr son mərhələdə öz silahlarını yerə qoyub qaçdı. Düşmən və bütün dünya Azərbaycanın gücünü gördü.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş ərazidir. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrupu tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə görülən bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Füzulinin işğaldan azad olunmasından sonra dövlət başçısı İlham Əliyev dəfələrlə buraya səfər edib. 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Cənab İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu, Qarabağın Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Nəzərə alsaq ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları potensial baxımından Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanına malikdir, qeyd edə bilərik ki, bərpa və yenidənqurma mərhələsindən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək.

Böyük Qayıdış Proqramının birinci mərhələsi çərçivəsində 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfər məskunlaşacaq. 

Bu gün investisiya qoyuluşları daxili mənbələr hesabına həyata keçirilir və Azərbaycan üçün vacib layihələrdir. Ölkənin mövcud potensialı sərmayələri qoymaq və tələb olunan maliyyəni qarşılamaq imkanındadır.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Böyük Qayıdış Proqramı dünyada ən genişmiqyaslı bərpa-yenidənqurma layihələrindən biri olaraq beynəlxalq aləmin diqqət mərkəzinə çevrilib. Azərbaycan xalqı əmindir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bütün rayonları, o cümlədən Füzuli rayonu tezliklə dünyada şöhrət qazanacaq.