YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayılın yenidən qurulması dövlətin gücünü göstərir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Cəbrayıl işğaldan azad edildikdən dərhal sonra dövlət başçısı bu rayonun inkişafı ilə bağlı bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası tez bir zamanda başlamışdır.

Cəbrayılda Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana, Qubadlıyadək və oradan da Laçına qədər davam edir. Gözəl, gözoxşayan evlər dövlətimizin gücünü göstərir. Həmçinin onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə, ümumilikdə 712 mənzilli 33 bina inşa edilib. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur.

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Artıq indi görülən bütün işlər bir daha onu göstərir ki, bu torpaqlara əsl sahibləri qayıdıb. Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlət başçısı deyib ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur.

Cəbrayıl şəhərinin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulub. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri də əsas götürülüb. Baş planın hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı da nəzərə alınıb. Bu səbəbdən də məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar fonunda proqnozlaşdırılıb.

Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, digər yaşayış məntəqələrində isə kənd təsərrüfatı sahəsinin daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün ayrılan 22,87 hektar ərazidə inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşəcək. Şəhərin Baş planında nəqliyyatın planlaşdırılması zamanı təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Çünki yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhər daxilində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.