YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış layihəsi bütün dünyada böyük maraq doğurur

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı zamanı Prezident İlham Əliyev rayonun işğaldan azad olunmasının əhəmiyyətinə diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmiş və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Bu şəhərin azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.

Tarixi Zəfər qazandıqdan dərhal sonra dövlət başçısı tərəfindən Cəbrayılın inkişafı ilə bağlı bütün müvafiq tapşırıqlar verilmiş, ilk növbədə, minalardan təmizləmə işləri aparılmışdır. İşğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Cəbrayılda da infrastruktur layihələrinin icrası dərhal başlamışdır. Hazırda infrastruktur layihələrinin icrası uğurla, sürətlə həyata keçirilir. Rayona qayıdacaq insanların məşğulluq məsələlərinin həlli istiqamətində də böyük işlər reallaşdırılır. Belə ki, artıq “Araz Vadisi Sənaye Zonası”nda artıq 12 müəssisənin təməli qoyulub, bir müəssisə isə artıq fəaliyyətdədir. Prezident İlham Əliyevin oktyabrın 3-də təməlini qoyduğu 5 müəssisədə mindən çox iş yeri yaradılacaq.

Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı zamanı cənab İlham Əliyev çıxışında erməni vəhşiliyinin, vandalizminin sərhəd tanımadığını da xatırlatdı. Dövlət başçısı bildirdi ki, Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı və orada da erməni hərbçiləri yerləşmişdi. Qalan bütün şəhər tamamilə dağıdılmış, yerlə yeksan edilmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, torpaqlarımızın təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Bütün bunları görməzliyə vuran bəzi Qərb dövlətləri 30 il ərzində Ermənistana qarşı bir dənə də sanksiya tətbiq etməmişlər. Əksinə, bu gün ölkəmizi ittiham edir, Azərbaycana qarşı sanksiyalar tətbiq edirlər.

Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, işğal dövründə Qərb dövlətləri israrla problemin hərbi həllinin olmadğını bildirir və ölkəmizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər. Məqsəd o idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etməsin. İşğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Lakin bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan işğalla barışmadı.

Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir. Bütün bunlar doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Böyük Qayıdış layihəsi bütün dünyada böyük maraq doğurur. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan, eyni zamanda, işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir.