Xəbərlər
Böyük Qayıdışın uğurlu addımları
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
4 Oktyabr - Cəbrayıl Şəhəri Günüdür. Həmin gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, davam edirdi və 20-yə yaxın kənd, o cümlədən Cəbrayıl rayonunun kəndləri azad edilmişdi.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərərək işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Əsgər və zabitlərimiz Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bu şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.
Muzəffər ordumuz 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında 300-dən çox şəhər və kəndi işğaldan azad etdi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. İndi dünyanın gözü Azərbaycandadır. Qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı işlər yaxşı mənada əsl heyrət doğurur. Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri yenidən qurulur, tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcəkdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlət başçısı çıxışında söylədi ki, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı: “Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir. Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir”.
Cəbrayılda həyata keçirilən infrastruktur və sənaye layihələri bu şəhərin və bütövlükdə rayonun simasını dəyişəcək. Cəbrayıl müharibənin doğurduğu acılardan sonra, yenidən inkişaf etmiş, öz tarixi və mədəni irsini yaşadan gözəl bir diyara çevriləcək. Cəbrayıl Şəhəri Günündə dövlət başçısının Cəbrayıla səfəri yerli əhali üçün sevincli və qürurludur.