Xəbərlər
Strateji hədəflər vaxtında yerinə yetiriləcək
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycanın qəti Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının dörd ili tamam oldu. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə cari ilin 3-4 oktyabr tarixlərində Cəbrayıla növbəti səfəri zamanı şəhər sakinləri ilə görüşmüş və onların qarşısında çıxış etmişdir.
Dövlət başçısı çıxışında bir daha tarixi Zəfərimizin qəhrəmanlarının Vətən, torpaq sevgisindən, böyük şücaətindən bəhs etdi. Vurğuladı ki, bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir.
Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir. Postmüharibə dövrü də bu gerçəkliyi ifadə edir. Azərbaycan yeni mərhələdə qarşıda duran milli məqsədləri reallaşdırmaq iqtidarındadır.
Şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Tezliklə doğma Qarabağ cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir. Təbii ki, bütün bunlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir.
Xalqımız bir amal - Azərbaycanı gücləndirmək, sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək uğrunda birləşib. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlkindən daha möhtəşəm uğurlarla başa vurur.