Xəbərlər
Vətən, xalq və müasir Azərbaycan naminə
Elnarə Akimova,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Prezident İlham Əliyevin 4 oktyabr tarixində Cəbrayıl şəhərindəki çıxışı qalib ölkənin qalib Liderinin əzm və fərəhini ehtiva edən təntənə nitqi idi. Bu çıxışda bugünkü Azərbaycanın uğur və nailiyyətləri ilə bərabər, dünənin fəci və ağrı dolu reallıqları yer almışdır. Ümumiyyətlə, dövlət başçısının son dönəmlərdəki bütün çıxışlarında zamanlararası keçidlər daim funksionaldır. Biz tarix boyu keçmişin səhvlərindən dərs çıxarmadığımız üçün eyni əzabların aqibətini dönə-dönə yaşamağa məcbur olduq. İşğalın ağır təzahürlərindən bizi ayıran 30 illik zaman kəsiyi hər halda bunun ən yaxşı sübutudur.
Cənab İlham Əliyev Cəbyayıl şəhərindəki çıxışında bu məqama vurğu salmaqla bərabər 44 günlük Vətən müharibəsi, bir günlük antiterror tədbirlərindən da bəhs etdi. Bütün zəfərlərimizin zəminində dayanan bu iki faktdan qürur mənbələri olaraq danışdı. Cəbrayılın ilk işğaldan azad olan şəhər kimi sonradan mühüm strateji uğurlar qazanmağımıza vəsilə olduğunu, əsaslı nəticələr qazanıldığını – bu zəfərin Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətinə yol açdığını bildirən dövlət başçısı 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasına doğru uzanan yolun fərəh və sevinclərindən bəhs etdi. Amma bu çıxışda həm də bu gün bizi narahat edən digər amil də ehtiva olunmuşdur. ABŞ və Fransanın Cənubi Qafqazda işğalçılıq siyasətini alovlandırmaq istəyi təəssüf doğurur. Azərbaycanın haqq savaşını 30 il görməzdən gələn və ermənilərə havadarlıq edən bəzi Qərb dövlətlərinin iç üzünü bir daha ifşa olundu. Dövlət başçısının çıxışı ünvanlı və sərrastdır: “Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır; Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi”.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdəki hər çıxışı güclü siyasi iradə və qətiyyətin göstəricisidir. Düşmən qüvvələrə endirilən tutarlı zərbə olmaqla yanaşı, aparılan bərpa-quruculuq işlərinin sərgilənməsinə ən gözəl nümunədir. Gözəl, gözoxşayan evlərə keçmiş köçkünlərin qayıdışı, onların sevinci dövlət miqyasında diqqət və qayğının təzahürü olmaqla yanaşı, həm də onun gücünün sübutudur. “Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir”, - söyləyən dövlət başçısı Böyük Qayıdışı addım-addım gerçəkləşdirir.
Bu hesabat dolu çıxışlar işğaldan azad edilmiş bütün ərazilərimizdə təkrarlanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır: “Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur”.
Prezident İlham Əliyev düşməndən azad etdiyi tarixi ərazidə, qurub yaratdığı, yenidən bərpa etdirdiyi məkanda dayanıb bütün bəşəriyyətə, Azərbaycan xalqını və dövlətini sevməyən Qərbə və Qərbpərəstlərə yurdu sevmək və qorumağın təlimini keçir. Arxa fonda yağı nəfəsindən azad edilmiş, qürurla sıralanmış dağlar, yanında evlərinə, yurd yerlərinə qayıdan insanların ölçüyəgəlməz fərəh duyğuları diqqət çəkir.
Bəli, Cəbrayıla yolu belə çəkərlər, torpağı belə qoruyarlar və yurdu belə sevərlər.