Xəbərlər
Azərbaycan xalqının mədəni irsinə Aşıq Ələsgərin diyarında da sahib çıxacağıq
Ramid Namazov
Milli Məclisin deputatı
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki sərəncam imzalamışdır. Sərəncamlardan biri Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, digəri isə onun abidəsinin Bakı şəhərində ucaldılması ilə bağlı idi.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin açılışı böyük mədəniyyət tədbiri olduğu qədər də, ölkəmizin ictimai-siyasi həyatında vacib bir hadisədir. Dövlət başçısının dediyi kimi, abidə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.
Bəllidir ki, Azərbaycanda Aşıq Ələsgərin yubileyinin keçirilməsi ənənəsinin əsası Dahi Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu barədə dövlət başçısı bildirmişdir ki, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar.
Prezident İlham Əliyev bununla Aşıq Ələsgərin doğulduğu, yaşayıb-yaratdığı qədim Göyçə mahalını və oranın əzəli sakinləri olan azərbaycanlıların etnik təmizləməyə məruz qaldıqlarını diqqətə gətirir: “Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur”, - deyən dövlət başçısı fikirlərini davam etdirərək qeyd etmişdir ki, o vaxt Aşıq Ələsgərin 97 yaşı var idi, 1918-ci ildə ermənilər azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. “Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi”.
Cənab İlham Əliyev çıxışında azərbaycanlıların deportasiyaya məruz qalaraq məşəqqətli qaçqınlıq həyatı yaşadığını xüsusi qeyd edir: “Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır ‒ 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir”.
Çıxışında Aşıq Ələsgərin məcburi köçkünlük həyatında yaşadıqları çətinlikləri, onun vətən sevgisi, yurd həsrəti haqda danışan dövlətimizin başçısı “Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir” fikirlərini səsləndirdikdən sonra növbəti mesajını verir: “İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.
Bu gün biz, Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını gözləyirlər. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə ürəkləri döyünən qarabağlılar bu gün doğma ellərinə qayıdırlar.
Dövlət başçısı Vətən həsrəti çəkən yüz minlərlə qərbi azərbaycanlının könlündə ümid işığı yandıraraq əminliklə “Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar” deyir.
Heç kimə sirr deyil ki, həm İkinci Qarabağ müharibəsi, həm də antiterror tədbirləri ilə suverenliyimizin tam bərpa olunması və ondan sonrakı quruculuq mərhələsi qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Eyni zamanda Prezident İlham Əliyevin “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” fikri bu nikbinliyini daha da gücləndirir.