Xəbərlər
Parlament fəaliyyətini yeni dövrün çağırışlarına uyğun quracaq

Ülviyyə Həmzəyeva
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycan xalqı cari il fevralın 7-də müstəqillik tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilən və Zəfər seçkiləri adlandırılan prezident seçkilərində Böyük Qələbənin memarı olan cənab İlham Əliyevə yenidən etimad göstərdi. Sentyabrın 1-də isə ilk dəfə işğaldan azad edilmiş Qarabağ və Zəngəzur da daxil olmaqla, ölkəmizin bütün bölgələrində keçirilən ilk parlament seçkiləri baş tutdu.
Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edərək yeni dünya çağırışları, ölkəmizin maraqları və dövlətçiliyimizin qorunması, dayanıqlı inkişafı naminə görüləcək prioritet işlərdən geniş bəhs etməklə, yeni parlamentin fəaliyyət istiqamətlərini müəyyən etmiş oldu. Dövlət başçısının nitqində nəinki parlamentin üzvləri, ümumilikdə hər kəs üçün vacib məqamlar var.
Təbii ki, prioritet məsələlərdən biri postmüharibə dövründə Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlar fonunda ölkəmizin qarşısında duran mühüm vəzifələrin başında dayanıqlı təhlükəsizliyin təmin olunmasıdır. Bunun üçün qarşıda duran birinci vəzifə hərbi gücümüzün daha da artırılmasıdır. Bu mövzuda dövlət başçısı bildirib: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.
Prezident İlham Əliyevin müasir reallıqlar fonunda geniş və dəqiq faktlara əsaslanan proqram xarakterli çıxışında Qarabağın və Şərqi Zəngəzurun bərpası, azad olunmuş torpaqların iqtisadi inkişafı, sosial islahatlar, ölkəmizin dünyada artan nüfuzu, sülh müqaviləsinin imzalanması istiqamətində aparılan işlər və buna mane olan revanşist qüvvələr, həmçinin bəzi beynəlxalq qurum və dövlətlər barədə ictimaiyyəti məlumatlandırıb. Dövlət başçısı qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.
Prezidentin tövsiyələri, vurğuladığı məqamlar qarşıda görəcəyimiz işlərin əsasıdır. Dövlət başçısı parlament üzvlərini onlara etimad göstərmiş xalqın yanında olmağa, daim məsuliyyətli və şəffaf fəaliyyət göstərməyə çağırıb.