Xəbərlər
Prezidentin Milli Məclisdə proqram xarakterli çıxışı çox mühüm məqamlarla yadda qaldı
“Azərbaycan dövləti öz inkişafının çox mühüm bir mərhələsindən keçir. 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrini formalaşdırıb. Bu qələbələrlə Azərbaycan dövləti və xalqı öz iradəsini, gücünü bütün dünyaya nümayiş etdirdi. Bu parlaq qələbələr əbədiyyətə qədər xalqımızın qürur mənbəyi olaraq qalacaq. Eyni zamanda, 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yeni reallıqlar yaranıb. Azərbaycan üçün strateji inkişaf mərhələsi başlayıb. Yeni dövr yeni çağırışlar deməkdir. Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində hazırkı dövrə qədər əldə edilmiş nəticələri təhlil edərək dəyərləndirib və dövlətimizin, xalqımızın qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb”.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində bir yeniliyə imza atdı. Ön xətdən daim qələbə soraqları gəlirdi, hər gün yeni şəhərlərimiz, kəndlərimiz işğaldan azad olunurdu. Rəsmi İrəvanın təsdiqlədiyi statistikaya əsasən müharibədə Ermənistan tərəfində təxminən 12 min fərari qeydə alınıb. Azərbaycan hərbiçilərinin isə amalı düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etmək idi. Onlar Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdılar, Vətənə sədaqət nümunəsi göstərdilər. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynadı. Tarixi Qələbəmizi yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”.
Uğurlu lokal xarakterli antiterror tədbirlərindən ötən bir il ərzində tarixi anlara şahidlik etmişik. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də, xalqımız üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirləri zamanı separatçılardan təmizlənən ərazilərimizdə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Ölkənin bütün ərazilərində suverenliyimiz tam təmin olunub və bayrağımız əzəmətlə dalğalanır.
Deputatın sözlərinə görə, bu il suveren Azərbaycanda iki mühüm hadisə baş verib. Prezident seçkiləri və parlament seçkiləri ölkəmizin bütün suveren ərazilərində keçirilməklə müstəqillik tariximizdə çox mühüm bir ilkə imza atıldı. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkilərində bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, - deyə vurğulayıb.
Prezident İlham Əliyev çıxışında qarşıda dayanan vəzifələrlə bağlı dəyərli fikirlər səsləndirdi. Dövlət başçısı qeyd etdi ki, əsas vəzifə hərbi gücümüzün artırılmasıdır. Çünki həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.
Dövlət başçısı vurğulayıb: “İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra xaricdəki müəyyən dairələr ölkəmizə qarşı çirkin planlarını daha da gücləndirməık istəyirlər. Son günlər müxtəlif ölkələrdə qəbul olunan sənədlər, verilən bəyanatlar bunu təsdiqləyir. Ona görə də, dövlət başçısının dediyi həmin çirkin planların qarşısını həmişəki kimi almaq üçün əhali arasında ideoloji iş gücləndirilməlidir. Xüsusilə, gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, onların zərərli ideoloji təsirlərə düşməməsi üçün davamlı işlər aparılmalıdır. Parlament üzvü olaraq bizlər də Prezidentin bununla bağlı tövsiyələrini fəal surətdə yerinə yetirməliyik.