Xəbərlər
Fransanın Azərbaycan məhkəməsinə qarşı iradı əsassızdır
Əli Hüseynli
Milli Məclisin deputatı
Ölkəmizdə keçirilən böyük əhəmiyyətli tədbirlər, həmçinin seçkilər ərəfəsində və ondan sonra bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin Azərbaycana qarşı dünya informasiya məkanında qarayaxma kampaniyaları və müxtəlif təzyiqləri artıq neqativ bir ənənəyə çevrilib. Son illər bu tendensiyanın “lokomotivi”nə çevrilmiş Fransa isə müstəqil xarici siyasət yürüdən və getdikcə daha böyük beynəlxalq nüfuz qazanan Azərbaycanın uğurlarını heç bir halda həzm edə bilmir və bu ənənənin davamlılığı üçün bütün mümkün vasitələrdən istifadə edir.
Məlum olduğu kimi, Fransa vətəndaşı Teo Klerk Bakı şəhərində cinayət xarakterli əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Yeri gəlmişkən, qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər öz ölkəsində cəzalandırılıb və ona qarşı cərimə tətbiq olunub.
Fransanın Avropa və Xarici İşlər Nazirliyi isə dərhal “təəssübkeşlik” edərək Teo Klerkə qarşı guya “ayrıseçkilik” edildiyi və onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verildiyi” barədə bəyanat səsləndirib. Təbii ki, bu iradların heç bir əsası yoxdur. Belə davranış özünü “hüquqi dövlət” adlandıran Fransanın beynəlxalq hüquq norma və prinsiplərinə, həmçinin Azərbaycan məhkəmələrinə hörmətsizliyi, başqa ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı və digər şəxslərə qarşı verilən hökm məhkəmənin səlahiyyətindədir və onun hökmünü sual altına almağa heç bir ölkənin səlahiyyət çərçivəsinə daxil ola bilməz.
Ciddi və ətraflı istintaq və məhkəmə araşdırmaları nəticəsində əsl həqiqət ortaya çıxıb və mötəbər dəlillərlə Fransa vətəndaşının cinayətin törədilməsində xüsusi təşəbbüskarlıq və fəallıq nümayiş etdirdiyi tam sübuta yetirilib. Lakin prosesin gedişində müqəssir qeyri-səmimi davranaraq özünün cinayət əməlini etiraf etməyib. Məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi məlum olub.
Teo Klerk eyni əmələ görə əvvəllər öz ölkəsində cəzalandırılmasına baxmayaraq, Azərbaycanda bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olduğunu bildirib və məhkəməyə yalan ifadələr verib, üstəlik, törətdiyi əməldən peşman olmadığını söyləyib. Onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olması da məhz bu amillərlə bağlıdır.
Əslində, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonializm siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti fonunda onun Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirməsində təəccüblü bir şey yoxdur. Görünən odur ki, qərəz və ikili standartların girovuna çevrilmiş və erməni lobbisinin “dirijor çubuğu” ilə idarə olunan rəsmi Paris belə yanlış və pozucu siyasətinə görə həm ölkə daxilində, həm də beynəlxalq arenada sürətlə nüfuzunu itirməkdədir.