Xəbərlər
Sabitlik və inkişafa xidmət edən əməkdaşlıq körpüsü
Gündüz Bayramov
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri
Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar xarici ölkələrlə münasibətlərdə özünü açıq şəkildə büruzə verir. Belə ki, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə daşındığı İtaliya Avropada ölkəmizin hər zaman ən etibarlı tərəfdaşlarından olub.
Prezident İlham Əliyev sentyabrın 6-də “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Dövlət başçısı çıxışının giriş hissəsində qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard dollar səviyyəsinə yüksəlməsi bunun əyani sübutudur. Cənab İlham Əliyev Forum iştirakçılarının diqqətinə onu çatdırıb ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm yüksək səviyyəli siyasi təmaslarımız var. Bu təmaslar bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.
Forumda bildirilib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.
Diqqətə çatdırılıb ki, ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı ali təhsil ocağı – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.
Çernobbio Forumunda Azərbaycan Prezidentinin iştirakı həm də ona görə olduqca əhəmiyyətlidir ki, bu tədbirdən iki ay sonra ölkəmiz COP29 kimi beynəlxalq səviyyəli mötəbər platformaya ev sahibliyi edəcək. 200-ə yaxın ölkənin yekdil qərarı ilə həmin tədbirin Azərbaycana etibar edilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın təzahürüdür.
Prezident İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkənin qarşıya qoyduğu hədəfləri də beynəlxalq auditoriyanın diqqətinə çatdırıb: “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”.
Cənab İlham Əliyevin Çernobbio Forumunda verdiyi mesajlar olduqca mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın regionun aparıcı aktoru kimi tutduğu konstruktiv mövqe ilə bağlı beynəlxalq auditoriyada daha dolğun və obyektiv qənaətin konsepsiyalaşmasına geniş vüsət yaradacaq.
Bu gün İtaliya ilə ikitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Ölkələrimiz arasındakı münasibətlər bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulması üçün nümunə ola bilər.