YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası inam və etimad ünvanıdır

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

2 oktyabr 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı sadəcə bir hesabat tədbiri deyil, bütöv bir dövlətin tərəqqi salnaməsinin gələcək yol xəritəsidir. Siyasi palitranın lokomotivi olan partiyamızın hər beş ildən bir çağırılan qurultayı ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Lakin bu ali məclis digərlərindən tamamilə fərqlənir. Belə ki, bu qurultay Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultaydır.

Bu ali və tarixi qurultayımız ölkəmizin həyatında tamamilə yeni bir epoxanın rəsmi bəyannaməsi oldu. Böyük qürur hissidir ki, partiyamızın ali məclisi ilk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi möhtəşəm bir geosiyasi şəraitdə keçirildi. Bu baxımdan ölkənin qarşısında yeni ictimai-siyasi və geosiyasi reallıqlara uyğun vəzifələr dayanır.

2003-cü ildə cənab İlham Əliyev ilk dəfə dövlət başçısı seçilərkən xalqımıza verdiyi müqəddəs vədi reallığa çevirərək, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi və əziz ruhunu şad etdi. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Partiyamızın Sədrinin Qurultay kürsüsündən etdiyi dərin təhlilə söykənən çıxışını dinləyərkən belə bir qənaətə gəlmək olur ki, cənab Prezident ölkəmiz və regionumuz üçün əhəmiyyətli bir çox məsələnin izahını məhz bu ali toplantıya saxlamışdı. Cənab Prezident yeni yol xəritəmizlə yanaşı bizi gözləyən təhdidlər, o təhdidlərin həlli yolları, 30 illik işğal dövründə, bizə lazım olan məqamda dəstək olmayanlar, aldığımız hər bir güllənin pulunun dünya bazarı qiymətinə uyğun ödənilməsi ilə bağlı bütün fikirləri açıq və səmimi həm partiya üzvlərinə, həm də ölkə ictimaiyyətinə çatdırdı. Prezidentin çıxışı nəinki ölkə gündəmini müəyyən etdi, hətta regionda və dünyada böyük müzakirələrə səbəb oldu.

Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin proqram xarakterli, geniş təhlilə söykənən çıxışını bir YAP üzvü, yerli təşkilatın sədri olaraq dərin siyasi və tarixi süzgəcdən keçirərkən, ölkəmizin keçdiyi keşməkeşli, lakin şərəfli yolun mənzərəsi, qarşımızda duran strateji vəzifələr və bizim üzərimizə düşən öhdəliklər bütün aydınlığı ilə görünür.

Dövlət başçısının öz nitqində xatırlatdığı tarixi faktlar gənc nəslin dövlətçilik şüurunun formalaşması üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycanın bugünkü möhtəşəm Zəfərlərinin başlanğıc nöqtəsi 1992-ci ilin noyabrında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşən ziyalıların (91-lər) cəsarətli addımı və YAP-ın təsis qurultayı idi. Bu, xalqın real xilaskar axtarışından doğan mütləq bir ictimai sifariş idi. Beləki, o zaman sözün bütün mənalarında əllərini daşın altına qoyanlar, nəinki peşman oldular, onlar hətta öz xalqının gələcəyini belə xilas etdilər.

Həmin dövrdə ölkədə mövcud olan AXC-Müsavat cütlüyünün naşı, xəyanətkar idarəçiliyi nəticəsində vətəndaş müharibəsi alovlanır, torpaqlarımız Ermənistan tərəfindən işğala məruz qalırdı. Ölkəyə rəhbərlik etmiş 4 rəhbərdən 3-nün Bakıdan qaçması (ikisi Moskvaya, biri Kələkiyə) xalqımızı düşmən aqressiyası qarşısında başlı-başına tək qoymuşdu. Ulu Öndər Heydər Əliyev isə öncə xalqı naminə mübarizəyə Moskvada çox məhdud imkanlarla başladı və öz mübarizəsini Bakıda, Naxçıvanda və yenidən Bakıda davam etdirdi. Bu, əsil xilaskarlıq missiyası idi. Daha sonra məhz 1993-2003-cü illər ərzində Ulu Öndər Heydər Əliyev dühası sayəsində ölkə beynəlxalq təcriddən çıxdı, tənəzzül dayandırıldı və bugünkü qələbələrin təməli qoyuldu.

2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçilərkən ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin təminatını mütləq vəzifə elan etdi. Ondan sonrakı hər gün, hər saat, hər dəqiqə bu şərəfli missiyaya doğru addım-addım irəlilədik. Keçən dövrdə baş tutan VII Qurultayımız (5 mart 2021-ci il) İkinci Qarabağ müharibəsindəki möhtəşəm tarixi Zəfərimizin dərhal sonrasına təsadüf edirdisə, builki VIII Qurultayımız uğurlu antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpası şəraitində baş tutdu. Bu gün isə Ermənistanla dünyanın bir nömrəli paytaxtında, ən mötəbər məkanı olan Ağ Evdə sülh müqaviləsinin paraflanması, sərhədlərdə sakitliyin hökm sürməsi böyük siyasi iradənin məntiqi nəticəsidir. Məntiqi sonluq isə Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində sülhün və əməkdaşlığın regionumuza daimi kök salması ilə mümkün olacaqdır.

Prezidentin YAP-ın VIII Qurultayında çıxışında beynəlxalq münasibətlər sahəsində Azərbaycanın müstəqil, fəal və çoxşaxəli siyasət həyata keçirdiyi qeyd olunur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi qarşıda duran vəzifələr arasında göstərilir. Xarici siyasətdə "ikibaşlı oyunlar" oynamayan, sözü imzası qədər dəyərli olan dövlətimiz qlobal müstəvidə unikal balans yarada bilmişdir. Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq formatı qurmaqla yanaşı, dünyanın iki supergücü olan Çin ilə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi, ABŞ ilə isə Strateji Xartiya imzalanması milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə olunduğunun bariz göstəricisidir.

İqtisadi cəhətdən isə gələcək nəsillərə borc yox, çiçəklənən bir miras qoyuruq. Dövlət başçısının açıqladığı rəqəmlər - xarici borcun minimuma endirilməsi, ölkəmizin xarici borcunun ÜDM-in cəmi 5,6 faizini təşkil etməsi, inkişaf etmiş dövlətlərdə bu rəqəmin 100-120 faiz olduğu bir vaxtda, Azərbaycanın istəsə öz borcunu 24 saat ərzində sıfırlaya biləcək iqtisadi qüdrətə sahib olması hər birimizi qürurlandırır.

İkinci İnvestisiya Forumunda idarəçiliyində 30 trilyon dollardan çox vəsait olan dünya nəhənglərinin iştirakı Azərbaycan iqtisadiyyatının şəffaflığına və sabitliyinə olan qlobal inamın ifadəsidir. Dünyada yaşanan enerji böhranı fonunda Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya və gübrə məhsullarının hamısını eyni vaxtda hasil və ixrac edən nadir dövlətdir.

“Böyük Qayıdış” prosesinin daha da sürətlənəcəyi bu yeni geosiyasi dövrdə genişmiqyaslı quruculuq işlərinin tam mərkəzində dayanan qüvvə yenə də Yeni Azərbaycan Partiyasının üzvləri və onun fədakar fəalları olacaqdır. Partiyamızın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə müasir, bütöv və qalib Azərbaycan dövləti hər zaman yeni zəfərlər qazanmağa tam hazırdır!