Xəbərlər
Yeni dövrün çağırışı: ideoloji təhlükəsizlik və müasir siyasi fəaliyyət
Tural Qasımlı
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri
Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib, xalqımızın uzun illər gözlədiyi tarixi məqsədlər həyata keçirilib. Lakin hər bir böyük Zəfər yeni vəzifələr və daha böyük məsuliyyət yaradır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışının əsas mahiyyəti də məhz yeni dövrdə dövlətimizin qarşısında duran strateji vəzifələrin müəyyənləşdirilməsi idi.
Prezident İlham Əliyevin çıxışında hərbi təhlükəsizliklə yanaşı, xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri ideoloji təhlükəsizlik oldu. Bu məsələ təsadüfi deyil. Çünki XXI əsrdə dövlətlərin təhlükəsizliyinə təhdidlər yalnız sərhədlərdən, silahlı münaqişələrdən və hərbi təxribatlardan gəlmir.
Müasir dövrdə informasiya özü böyük gücə çevrilib.
İnternet, sosial media, süni intellekt və yeni kommunikasiya texnologiyalarının inkişafı dünyanın informasiya mənzərəsini tamamilə dəyişib. Bu gün dünyanın istənilən nöqtəsində hazırlanmış məlumatlar saniyələr ərzində milyonlarla insana çata bilir. Doğru məlumatla yanaşı, yalan və manipulyativ informasiya da eyni sürətlə yayılır.
Ona görə Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib sahə kimi qiymətləndirməsi müasir dünyanın reallıqlarından irəli gələn mühüm çağırışdır.
İdeoloji risklərin sərhədi yoxdur. Xaricdə yaradılmış Azərbaycan dilli müxtəlif informasiya resurslarının fəaliyyət məqsədləri və yaydıqları məlumatların etibarlılığı da daim diqqətlə qiymətləndirilməlidir. Azərbaycan cəmiyyətinin, xüsusilə gənclərin dezinformasiya və manipulyasiyadan qorunması yalnız qadağalarla deyil, ilk növbədə güclü milli informasiya mühitinin yaradılması, media savadlılığının artırılması və faktlara əsaslanan çevik kommunikasiya ilə mümkündür.
Məhz burada Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının üzərinə mühüm vəzifələr düşür.
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi ən mühüm çağırışlardan biri ideoloji işin müasir tələblərə uyğunlaşdırılması, şablonlardan və formal xarakter daşıyan yanaşmalardan uzaqlaşması ilə bağlıdır.
Bu çağırışın mahiyyətini düzgün dərk etməliyik.
Bugünkü insan, xüsusilə gənc nəsil, informasiyanı 20-30 il əvvəlki üsullarla əldə etmir. Əvvəllər əsas informasiya mənbələri televiziya, radio və qəzetlər idisə, bu gün sosial media və rəqəmsal platformalar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Facebook, Instagram, TikTok, YouTube və digər sosial media platformalarında hər gün milyonlarla məlumat paylaşılır. İnsanların fikirləri, ictimai mövqeləri və hadisələrə münasibətləri bu informasiya axınının təsiri altında formalaşa bilir.
Belə bir şəraitdə siyasi və ideoloji fəaliyyət də müasir olmalıdır.
Formal tədbir keçirib məlumat yaymaqla iş bitmiş hesab edilə bilməz. Auditoriya ilə canlı ünsiyyət qurulmalı, gənclərin maraqları öyrənilməli, sosial media üçün keyfiyyətli və yaradıcı məzmun hazırlanmalıdır. Qısa videolar, infoqrafikalar, müsahibələr, podkastlar və digər müasir kommunikasiya vasitələrindən geniş istifadə olunmalıdır.
Ən vacibi isə təqdim etdiyimiz məlumatlar həqiqətə və real nəticələrə əsaslanmalıdır.
Azərbaycanın bu baxımdan çox böyük üstünlüyü vardır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bizə əfsanə yaratmaq lazım deyil. Çünki danışmağa, göstərməyə və dünyaya təqdim etməyə real nəticələrimiz var.
Bu gün Qarabağa və Şərqi Zəngəzura baxmaq kifayətdir.
Bir vaxtlar dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır, yollar və tunellər çəkilir, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Azərbaycan öz imkanları hesabına böyük quruculuq prosesini həyata keçirir.
Bütün bunlar Azərbaycan reallığıdır və ideoloji fəaliyyətin əsas gücü də məhz bu reallıqların düzgün təqdim edilməsindədir.
Lakin bu iş yalnız görülən işləri sadalamaqdan ibarət olmamalıdır. İnsanlara görülən işlərin mahiyyəti, dövlətimizin keçdiyi yol və əldə edilən nəticələrin hansı tarixi şəraitdə qazanıldığı izah edilməlidir.
Bu baxımdan gənc nəslə Azərbaycanın yaxın tarixinin düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Gənclər bilməlidirlər ki, müstəqilliyimizin ilk illərində Azərbaycan hansı ağır vəziyyətdə idi. Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə yanaşı, ölkə daxilində siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsi mövcud idi. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın sonrakı inkişafında həlledici mərhələ oldu.
Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun əsasını müstəqil dövlət, siyasi sabitlik, güclü iqtisadiyyat, qüdrətli ordu və milli maraqların qorunması təşkil edirdi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasi xətt yeni tarixi şəraitə uyğun şəkildə davam etdirildi. İqtisadi imkanlarımız genişləndirildi, ordumuz gücləndirildi və Azərbaycan qarşısına qoyduğu əsas milli məqsədə – ərazi bütövlüyünün bərpasına nail oldu.
44 günlük Vətən müharibəsi zamanı xalqımızın yumruq kimi birləşməsi Azərbaycanın ən böyük gücünün milli birlik olduğunu bir daha göstərdi.
Bu birliyin qorunması bu gün də strateji əhəmiyyət daşıyır.
Məhz buna görə ideoloji təhlükəsizlik məsələsinə yalnız siyasi məsələ kimi yanaşmaq düzgün olmazdı. Bu, eyni zamanda dövlətçilik, milli birlik və gələcək nəsillərin Azərbaycan dövlətinə bağlılığı məsələsidir.
Yeni Azərbaycan Partiyasının fəalları bu sahədə ön sırada olmalıdırlar. Lakin bunun üçün yeni düşüncə və yeni fəaliyyət modeli lazımdır.
Biz cəmiyyətlə danışmağı bacarmalıyıq. Gəncləri yalnız dinləyici kimi deyil, bu prosesin fəal iştirakçısı kimi görməliyik. Sosial media platformalarında Azərbaycan əleyhinə yayılan hər hansı məlumatla emosional deyil, faktlarla və arqumentlərlə mübarizə aparmalıyıq.
Çünki müasir informasiya mübarizəsində ən güclü silah həqiqətdir.
Azərbaycanın isə təqdim edə biləcəyi həqiqətlər kifayət qədərdir: tarixi Zəfərimiz, bərpa edilən ərazi bütövlüyümüz və suverenliyimiz, güclənən dövlətimiz, qurulan Qarabağ və Şərqi Zəngəzur, inkişaf edən iqtisadiyyatımız və öz milli maraqlarına əsaslanan müstəqil siyasətimiz.
Eyni zamanda hərbi gücümüzün daim artırılması da qarşıdakı dövrün əsas vəzifələrindən biri olaraq qalır. Çünki dünyada baş verən hadisələr göstərir ki, dövlətin təhlükəsizliyinin ən mühüm təminatlarından biri onun özünü müdafiə etmək imkanına malik olmasıdır.
Beləliklə, yeni mərhələdə Azərbaycanın qarşısında iki mühüm təhlükəsizlik istiqaməti paralel şəkildə dayanır: dövlətimizin fiziki təhlükəsizliyinin qorunması və cəmiyyətimizin ideoloji-informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən çağırışlar hər bir partiya fəalı üçün fəaliyyət istiqaməti olmalıdır. Şablonlardan uzaqlaşmaq, müasir kommunikasiya üsullarından istifadə etmək, Azərbaycan reallıqlarını cəmiyyətə düzgün çatdırmaq və xüsusilə gənclərlə sistemli işləmək zamanın tələbidir.
Bu gün bizim qarşımızda duran vəzifə təkcə qazanılmış Zəfərdən danışmaq deyil. Əsas vəzifəmiz həmin Zəfərin yaratdığı yeni Azərbaycan reallığını qorumaq, gücləndirmək və gələcək nəsillərə ötürməkdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ana mahiyyəti dəyişməzdir: güclü və müstəqil Azərbaycan dövləti.
Dəyişən isə zamanın tələbləri və həmin məqsədə xidmət edən fəaliyyət üsullarıdır.
Bu səbəbdən biz də fəaliyyətimizi zamanın çağırışlarına uyğun yeniləməli, dövlətimizin siyasi, hərbi və iqtisadi gücü ilə yanaşı, ideoloji və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəmizi verməliyik.
