YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın VIII Qurultayı: yeni dövlətçilik mərhələsinin siyasi konturları

Əli Hüseynli

Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Partiyanın Sədri cənab İlham Əliyevin geniş məzmunlu və proqram xarakterli nitqində dövlətçilik xəttinin əsası müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadəni nəzərdə tutan davamlı siyasi kurs kimi təqdim olunur.

Çıxışın mahiyyətindən görünür ki, dövlətçilik anlayışı yalnız idarəetmə və siyasi hakimiyyət məsələsi kimi deyil, həm də milli suverenlik, iqtisadi özünütəminetmə, hərbi güc və xarici siyasətdə müstəqil qərarvermə qabiliyyəti kimi nəzərdən keçirilir. Prezident bu xətti açıq şəkildə “müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial” anlayışları ilə ifadə edib.

Prezident İlham Əliyev söylədi ki, yeni inkişaf mərhələlərində taktika və strategiya dəyişmiş olarsa belə, Ulu Öndər Heydər Əliyevin siyasi xətti dəyişməz olaraq qalır. Bu yanaşmanın siyasi baxımdan mühüm tərəfi ondan ibarətdir ki, dövlət quruculuğunun nəticəsi artıq yalnız sabitlik və iqtisadi inkişafla ölçülmür. 2020-ci il müharibəsi və 2023-cü ildə Qarabağ üzərində nəzarətin bərpasından sonra dövlətçilik diskursunun mərkəzinə ərazi bütövlüyü və suverenlik məsələsi də daxil edilib. YAP-nın VIII Qurultayı da məhz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay kimi təqdim olunur.

Burada Prezidentin siyasi xəttində mühüm dəyişiklik müşahidə olunur: əvvəlki mərhələdə əsas dövlətçilik problemi işğal altında olan ərazilərin azad edilməsi və dövlətin ərazi bütövlüyünün bərpası idisə, yeni mərhələdə əsas məsələ əldə edilmiş nəticələrin qorunması və həmin nəticələr üzərində daha güclü dövlət modelinin qurulmasıdır. Bu mənada “qalib dövlət” anlayışı artıq sadəcə hərbi nəticəni deyil, siyasi, iqtisadi və institusional gücü də əhatə edən konsepsiyaya çevrilir.

Cənab İlham Əliyev çıxışında YAP-ın özünü də bu dövlətçilik xəttinin siyasi dayağı kimi təqdim edir. O, partiyanın 30 ildən artıqdır hakimiyyətdə olduğunu və Azərbaycanın son illərdəki inkişafında YAP fəallarının mühüm rol oynadığını vurğulayıb. Buradan belə bir siyasi nəticə çıxır: hakim partiya öz legitimliyini yalnız seçki nəticələri ilə deyil, dövlətin keçdiyi tarixi yol və əldə etdiyi nəticələrlə də əsaslandırmağa çalışır.

Bu yanaşmanın tərəfdarları üçün məntiq aydındır: 1990-cı illərin əvvəllərindəki siyasi böhran, ərazi itkiləri və zəif dövlət institutları ilə müqayisədə sonrakı dövrdə daha mərkəzləşdirilmiş və ardıcıl dövlət siyasəti Azərbaycanın təhlükəsizlik və suverenlik imkanlarını artırıb. Prezident də çıxışında 1990-cı illərin əvvəllərindəki vəziyyəti dövlətçilik baxımından ağır böhran kimi xarakterizə edir və YAP-ın yaradılmasını həmin böhrandan çıxışla əlaqələndirir. Lakin dövlətçilik anlayışına yalnız güclü mərkəzi hakimiyyət prizmasından yanaşmaq da tam mənzərəni əks etdirmir. Müasir dövlətçilik həmçinin qanunun aliliyi, dövlət institutlarının məsuliyyəti, ictimai nəzarət, siyasi iştirak, vətəndaş hüquqları və institutların şəxslərdən asılı olmadan dayanıqlı fəaliyyət göstərməsi kimi meyarları da əhatə edir. Buna görə də VIII Qurultayın dövlətçilik mesajını qiymətləndirərkən təkcə hərbi və geosiyasi nəticələr deyil, dövlət institutlarının uzunmüddətli dayanıqlılığı da əsas ölçülərdən biri olmalıdır.

Düşünürəm ki, çıxışın ən mühüm siyasi mesajı da məhz müharibədən sonrakı dövlət quruculuğu mərhələsinə keçidlə bağlıdır. Belə ki, ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət qarşısında yeni məsuliyyət yaradır. Bu baxımdan VIII Qurultayın dövlətçilik fəlsəfəsini bir cümlə ilə belə ümumiləşdirmək mümkündür: əvvəlki mərhələnin əsas məqsədi müstəqil və ərazi bütövlüyünə malik dövlət yaratmaq idisə, yeni mərhələnin əsas siyasi problemi həmin dövlətin gücünü və dayanıqlılığını uzunmüddətli institusional inkişafla möhkəmləndirməkdir.