Xəbərlər
Elmar Məmmədyarov: Avropa Parlamentinin Azərbaycanla bağlı belə bir qətnamə qəbul etməsi heç bir diplomatik məntiqə sığmır
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub. Tələsik formada qəbul olunan bu qətnamə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür. Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir ki, bu da qəbuledilməzdir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Feridun Sinirlioğlu ilə keçirdiyi mətbuat konfransı çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.
Nazir qeyd edib ki, belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edə bilməz.
E.Məmmədyarov deyib: “Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, islamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun. Təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir.
Bildiririk ki, hər hansı bir təsisat Azərbaycan ilə münasibətdə bu cür qeyri-etik ifadə formasını seçərsə, bizim tərəfdən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq”.