Xəbərlər
Prezident İlham Əliyev: Çexiyanın enerji balansında Azərbaycan neftinin 30 faiz təşkil etməsi çox önəmli hadisədir
Azərbaycan Çexiyaya xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni – təxminən 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Bakıda Çex Respublikasının Prezidenti Miloş Zeman ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Dövlətimizin başçısı deyib: “Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq. Eyni zamanda, 3 yeni qaz kəməri çəkiləcəkdir. Cənubi Qafqaz qaz kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə ərazisindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinə qədər uzanan üçüncü qaz layihəsidir. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır və burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi iştirak edir. Bəzi layihələrdə əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz kəmərinin tikintisi təmin ediləcəkdir”.