YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaranan yeni reallıqlar

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yadigar Kazımovanın Kürdəmir rayonu,  Yenikənd  və Dəyirmanlı kəndlərinin seçiciləri ilə görüşü keçirilib.  

Görüşü giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini  Elxan Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan regionun lider dövlətinə çevirilib. Qeyd olunub ki, uğurlu inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. O, seçiciləri seçki prosesində fəal olmağa, regionun ən güclü siyasi partiyasının namizədini dəstəkləməyə çağırıb və deputatlığa namizəd Yadigar Kazımova haqqında seçicilərə məlumat verib. 

Tədbirdə çıxış edən deputatlığa namizəd Yadigar Kazımova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, parlament seçkiləri Azərbaycanın milli dövlətçilik tarixi üçün böyük əhəmiyyət kəsb edir: “Bu seçki ilə gələcək inkişaf baxımından strateji bir mərhələ başlanır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq”.

Seçicilərdən Vətən müharibəsi şəhidi Nəzər Əzizovun anası Cəmafət Əzizova, Şöhrət Xəlilov, Qara Qarayev çıxış edərək daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.