YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı şəhərsalma siyasəti sosial rifah və insan amilinə əsaslanır

Əli Hüseynli

Milli Məclisin deputatı

Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Forumun Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə ölkənin sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, “yaşıl enerji” siyasəti və beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı mühüm fikirlər səsləndirmişdir.

Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan şəhərsalma sahəsində yeni inkişaf modelini tətbiq edən ölkələr sırasında yer almaqdadır. O, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrinin yalnız infrastrukturun bərpasına deyil, həm də müasir urbanizasiya prinsiplərinin tətbiqinə əsaslandığını qeyd etmişdir. Bu yanaşma “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması ilə müşayiət olunur.

Müsahibədə diqqət çəkən əsas məqamlardan biri dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələləri olmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan alternativ enerji mənbələrinin inkişafına xüsusi önəm verir və ölkənin gələcək inkişaf strategiyasında “yaşıl enerji” prioritet istiqamətlərdən biridir. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu vurğulamışdır.

Prezident həmçinin qeyd etmişdir ki, Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi regionun iqtisadi əməkdaşlığı baxımından mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkənin beynəlxalq iqtisadi sistemdə mövqeyini daha da gücləndirir. Bu layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun davamlı inkişafına xidmət edir.

Müsahibədə beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunulmuşdur. Prezident İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla uğurlu tərəfdaşlıq münasibətləri qurduğunu və qlobal problemlərin həllində fəal iştirak etdiyini qeyd etmişdir. Dövlət başçısı şəhərsalma və iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyini xüsusi vurğulamışdır.

Prezidentin diqqət yönəltdiyi mövzular sırasında sosial rifah və insan amili məsələləri də ön planda olmuşdur. O bildirmişdir ki, həyata keçirilən bütün layihələrin əsas hədəf vətəndaşların rahat və təhlükəsiz yaşayışını təmin etməkdir. Müasir şəhərsalma siyasəti yalnız binaların tikintisi deyil, eyni zamanda insanların həyat keyfiyyətinin yüksəldilməsi deməkdir.

Beləliklə, Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi müddəalar Azərbaycanın müasir inkişaf strategiyasını, dayanıqlı şəhərsalma siyasətini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi aydın şəkildə nümayiş etdirir. Bu fikirlər ölkənin urbanizasiya sahəsində innovativ yanaşmalar tətbiq etdiyini və gələcək inkişafını ekoloji tarazlıq, texnoloji yeniliklər və sosial rifah prinsipləri əsasında qurduğunu göstərir.