YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət göstərir. Ölkələr arasında qarşılıqlı səfərlərin ardıcıl xarakter alması etimad mühitinin möhkəmlənməsində, əməkdaşlığın yeni istiqmətlər üzrə inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.  18-19 avqust tarixlərində Rusiya Prezidenti Vladimir Putin  ölkəmizdə dövlət səfərində oldu. Prezidentlərin məhdud və geniş tərkibdə görüşləri oldu. Ümumi fikir bu oldu ki,   səfər münasibətlərimizin gələcək inkişafına yeni təkan verəcək. “Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Bu gün qəbul edilən sənədlər, ilk növbədə, Prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir” söyləyən cənab İlham Əliyev bildirdi ki, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir: “Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən.”

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi.

Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynadı.  Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 250-dən artıq  sənədi əhatə edən geniş hüquqi baza,  mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici amillərdir.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı. Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Cənab İlham Əliyev bildirdi ki, humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsini müzakirə etdik.

Zəngin tarixə malik olan Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti bildirdi ki, ölkəsi  Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir. Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. İmzalanan sənədlər  onların həllinə kömək edəcək.