YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr müxtəlif istiqamətlərdə uğurla inkişaf edir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. İkitərəfli əlaqələrin inkişafı münasibətlərdə yeni istiqamətlərə yol açmaqla əməkdaşlığın coğrafiyasının genişləndirilməsini, beynəlxalq təşkilatlar çərçivəsində inkişafını şərtləndirir. Regional çərçivədə başlanan əlaqələrin illər keçdikcə beynəlxalq miqyas alması da bunun bariz nümunəsidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, son üç ildən artıq dövrdə Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda digər sahələr kimi, xarici siyasət sahəsində də yeniliklər diqqətdən kənarda qalmır. Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu gün Rusiya ilə əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri də bu baxımdan diqqətçəkəndir. 

Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. İki dost, müttəfiq ölkə təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq edir. Prezidentlər mətbuata bəyanatlarında münasibətlərin ayrı-ayrı sahələrdə uğurlu inkişafını əsaslı şəkildə diqqətə çatdırdılar.

Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq.

Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.  Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Cənab İlham Əliyev dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərindən də bəhs etdi. Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.  İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.

O da qeyd edildi ki, Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur.

Perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi enerji sektorunda əlaqələrə xüsusi diqqət yönəldildi.Cənab İlham Əliyev vurğuladı ki,  energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparılır.

Hər iki ölkə münasibətlərin yüksələn xətlə inkişafı üçün səylərini birləşdirir, bütün sahələrdə mövcud imkanlardan maksimum istifadə etməyə çalışır. Əlaqələrin inkişafında əsas faktor olan sənədlərin imzalanmasına gəldikdə isə bugünədək 250-dən artıq sənəd imzalanıb. Azərbayan-Rusiya əlaqələrinin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı.

Görüşlərdə diqqət göstərilən məsələlərdən biri də regionda təhlükəsizliyin təmin edilməsi oldu. Atılan hər bir addım, müzakirə olunan məsələlər ətrafında ümumi mövqeyin ortaya qoyulması iki dost ölkəni daha da yaxınlaşdırır. 

DİGƏR Xəbərlər Arxiv