YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməl, uğurlu əməkdaşlıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qonşu ölkələrlə əlaqələrin inkişafı əsasdır. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ikigünlük dövlət səfəri bu kimi məqamlara bir daha aydınlıq gətirdi. Mətbuata bəyanatında “Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən” söyləyən Prezident İlham Əliyev diqqəti iki ölkə arasında ayrı-ayrı sahələrdə yüksələn xətlə inkişaf edən münasibətlərə yönəltdi. Bildirdi ki, dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq.

Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Regional təhlükəsizlik müzakirə edilən məsələlər sırasında oldu. Dövlətimizin başçısı bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

Səfər çərçivəsində dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərinə də xüsusi diqqət göstərildi. Cənab İlham Əliyev qeyd etdi ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.  İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.

Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reysin həyata keçirilməsi də əlaqlərimizin bugünkü inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur.

Prezidentlərin məhdud və geniş tərkibdə görüşləri, mətbuata bəyanatları iki dost, müttəfiq ölkənin münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğuna işıq saldı. Əlaqələrin inkişafı üçün yeni imkanlar yaranır. Rusiya Prezidenti belə bir əminliyi ifadə etdi ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.