YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatlarda olduqca mühüm mesajlar səsləndirib. Sözsüz ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Bu dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər tarixi xarakter daşımaqla yanaşı ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

Ölkə başçılarının qarşılıqlı səfərləri çərçivəsində qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Cənab Prezident də bəyanatında qeyd etdi ki, Azərbaycanla Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Bu mənada 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Həmçinin dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir. Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur. Həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir.

 Azərbaycanla Rusiya regional təhlükəsizlik məsələsinə də xüsusi önəm verir. Cənab Prezident də qeyd edib ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Təbii ki, dövlətlərarası münasibətlər üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizləri mühüm önəm kəsb edir. Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlər öz aktuallığını saxlayır. Bu istiqamətdə Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.

 Azərbaycanla Rusiya energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparır. Həmçinin tərəflər ekoloji problemlərə qarşı da birgə fəaliyyətin ortaya qoyulmasında maraqlıdır. Hər iki ölkə bu istiqamətdə mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsini nəzərdə tutur. Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənməsi də bu xüsusda vacib önəm kəsb edir. Burada Rusiyanın dəstəyi müstəsna dərəcədə önəmlidir. Hazırda hər iki tərəf qarşılıqlı formatda iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparır.