Xəbərlər
Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb
Sentyabrın 9-da Heydər Əliyev Fondunun dəstəyi və Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb.
Argentinalı beş rəssamın əl işlərinin nümayiş olunduğu sərgidə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Argentinalı rəssamlar Marselo Malaqamba, Marselo Agilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin 25-dək qravüra sənət əsəri nümayiş olunub.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov qravüra sənətinin nadirliyindən söz açıb və çətin bir sahə olmasına baxmayaraq argentinalı rəssamların əsərlərində mükəmməlliyin hiss edildiyini bildirib.
Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva mədəniyyətin xalqlar arasında körpü olduğunu diqqətə çatdıraraq sərginin əhəmiyyətindən danışıb. Sərginin təşkil olunmasına görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən səfir belə sərgilərin bundan sonra da mütəmadi keçiriləcəyini vurğulayıb. Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi oktyabrın 9-dək davam edəcək.