YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin yeni mərhələsi

Əli Hüseynli

Milli Məclisin deputatı

Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Bakıya dövlət səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirdi və münasibətlərin inkişafına müsbət impuls verdi. Bu, eyni zamanda müstəqil siyasi xəttə söykənən siyasi və diplomatik uğurların, yüksək etimadın, tarixi ənənələrə sadiqliyin göstəricisidir.

Son illər Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika üzərində inkişaf etməkdədir. Bu tendensiya həm siyasi, həm də iqtisadi sahədə özünü aydın şəkildə büruzə verir. Əlbəttə, bu gün Sovetlər Birliyinin varisi sayılan Rusiya ilə Azərbaycan arasında münasibətlərin istiqamətini müəyyənləşdirən siyasi baza ötən əsrin 80-ci illərində Heydər Əliyevin Kremldəki titanik fəaliyyəti zamanı formalaşıb. Bu ilin aprel ayında BAM-nın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə dövlətimizin başçısı bu reallığı belə ifadə edib: ”...Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib”.

Bu münasibətlər ilk növbədə onunla səciyyəlidir ki, bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir. Bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlərlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır.  Prezident  Putin səfər çərçivəsində vurğulamışdır ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

 

Bu bir həqiqətdir ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb.

Cənab İlham Əliyevin prezident Vladimir Putinlə apardığı müzakirələr, əldə edilən nəticələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqləyir, ölkəmizin Rusiya ilə əməkdaşlığı strateji səviyyəyə yüksəltməkdə maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Eyni zamanda o da vacib bir reallıqdır ki, dünya siyasətinin nizamını müəyyən edən ölkələrdən biri olan Rusiya Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.

Qeyd edək ki,  Rusiyanın dövlət başçısının sonuncu səfəri onun Azərbaycana ilk dövlət səfəri və bu çərçivədə cari ilin əvvəlindən Azərbaycan və Rusiya liderlərinin üçüncü görüşüdür. Bundan əvvəl prezidentlər aprel ayında Moskvada, daha sonra iyulun əvvəlində Astanada ŞƏT sammiti çərçivəsində görüşüblər. Xatırladaq ki, sonuncu dəfə Rusiya lideri Azərbaycana 2018-ci ilin sentyabrında regionlararası əməkdaşlığa həsr olunmuş doqquzuncu Rusiya-Azərbaycan Forumunda iştirak etmək üçün səfər edib. Onun Bakıya budəfəki səfəri isə daha böyük siyasi əhəmiyyət kəsb edir. Çünki bu tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra  son 6 ildə regionda formalaşmış  yeni geosiyasi şəraitdə baş tutmuşdur: Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə Qarabağ bölgəsinin separatçı elementlərdən tamamilə azad edilməsi ilə ölkəmizin bütün ərazisində suverenliyi və konstitusiya quruluşu tam şəkildə bərpa edilmişdir. İki ölkə arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən məmnun olduğunu ifadə etməklə Prezident İlham Əliyev Vladimir Putinin Azərbaycana ilk dövlət səfərinə yüksək siyasi qiymət vermişdir: “Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır... Əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.  Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir”.

Bu çərçivədə bir neçə əsas məqamı qeyd etmək lazımdır. Postsovet məkanında Azərbaycan Rusiya ilə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq əsasında davamlı mehriban qonşuluq münasibətləri qurmağı bacaran ölkələrdən biridir. Bu fonda Bakı ilə Moskva arasında siyasi qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyətə malikdir. Bu, Azərbaycanın sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş xarici siyasətinin prioritetlərindən biridir.

Təbii ki, iki ölkə liderlərinin görüşü zamanı təkcə ikitərəfli münasibətlər deyil, həm də beynəlxalq və regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə olunub. Rusiya lideri Vladimir Putin həmçinin Rusiyanın Cənubi Qafqazda vəziyyətin nizamlanmasına öz dəstəyini ifadə etmişdir: "Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq".

Vurğulamaq lazımdır ki, Azərbaycanın sülh təşəbbüsləri Ermənistanla münasibətlərin nizamlanması ilə məhdudlaşmır. Ölkəmiz qlobal miqyasda, xüsusilə Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir. Bütün bu amillər dünya dövlətlərinin hesablaşdığı Azərbaycanın xarici siyasətinin müstəqilliyini əyani şəkildə nümayiş etdirir. Rusiya rəhbərliyinin Bakıya dövlət səfəri də ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra addımların yalnız əlamətdar mərhələsi olmaqla bu faktı təsdiqləyir. Bu, həm də rəsmi Bakının əsas dünya oyunçuları ilə balanslı münasibətlərin qorunmasına yönəlmiş ardıcıl siyasətinə uyğundur.

Daha bir vacib məqamlardan biri də odur ki, Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda baş verir. Qeyd etmək lazımdır ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə sıx münasibətlər saxlayır. Azərbaycan bir tərəfdən BRİKS və ŞƏT kimi beynəlxalq platformalarda fəal iştirak edir, digər tərəfdən isə Avropa İttifaqı və digər Qərb institutları ilə məhsuldar əməkdaşlığı inkişaf etdirir. Üstəlik, Qoşulmama Hərəkatının fəal üzvü olaraq ölkəmiz ardıcıl olaraq istənilən hərbi-siyasi bloklarda iştirak etmir. Bundan əlavə, Rusiya da daxil olmaqla, dünyanın əsas güc mərkəzləri ilə formalaşmış münasibətlər sayəsində Azərbaycan qarşısında duran bütün tarixi vəzifələri uğurla həll etməkdə davam edir. Bu cəhət Azərbaycan xarici siyasətinin çevikliyini və çoxvektorluğunu, eləcə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasını əyani şəkildə nümayiş etdirir.

Səfər çərçivəsində bir sıra mühüm hökumətlərarası sənədlər imzalanmış və dövlət başçıları danışıqların yekunlarına dair bəyanatlarla çıxış etmişlər.  Qeyd olunmuşdur ki,  tərəflər arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Ölkələrimiz arasında İqtisadi əlaqələrin inkişaf dinamikası yüksəkdir. Həm energetika, həm də nəqliyyat sahələrində məhsuldar əməkdaşlıq mövcuddur. “Şimai-Cənub” nəqliyyat dəhlizinin fəaliyyətinə Azərbaycanın cəlb olunması, Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan 4 milyarddan artıq birbaşa investisiyalar, ölkəmizdə Rusiya kapitalı ilə 1300-ə yaxın müəssisənin fəaliyyət göstərməsi, 2023-cü ilin nəticələrinə görə, 2023-ci ildə ticarət dövriyyəsinin 4,5 milyard dollar səviyyəsinə yüksəlməsi, qarşılıqlı fayda əsasında Xəzər dənizində neft-qaz hasilatında birgə layihələrin işlənməsi ilə bağlı niyyətin ortaya qoyulması 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyətlə bağlı  Bəyannamənin uğurla yerinə yetirildiyinin bariz göstəricisidir. 

Humanitar əlaqələrdə əməkdaşlığa xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır, o cümlədən onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur. Prezidentlərin görüşü çərçivəsində  Rusiya-Azərbaycan Universitetinin təsis edilməsi barədə təklif də müzakirə mövzuzu olub. Qəbul edilən Birgə Bəyanatda və imzalanmış sənədlərlə ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri müəyyənləşmişdir.

Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək. Dövlət səfəri çərçivəsində aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək. Bir sözlə, Vladimir Putinin ölkəmizə dövlət səfəri, İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır.