YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük önəm verir

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Rusiya Federasiyasının  Prezidenti Vladimir Putin avqustun 18-19 tarixlərində ölkəmizdə dövlət səfərində oldu. Hər bir səfər münasibətlərin inkişafında yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki,  Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir,  dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

O da qeyd edildi ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari ildə iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin  görüşü olub. Təbii ki, bu görüşlər çərçivəsində günün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi aparılıb, ümumi mövqenin ortaya qoyulması əlaqələrin gələcək inkişafında əhəmiyyətli rol oynayır.

Əvvəldə də qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər münasibətlərin inkişafında əsas faktordur. Ümumilikdə Azərbaycan-Rusiya əlaqələri zəngin tarixə malikdir. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında “Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur” fikirlərinin davamı olaraq onu da bildirdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat, imzalanan sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədi. Cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir.

Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Rusiyada, həmçinin Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür. Hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır. Onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur: “Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər. İlham Heydər oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini geniş şəkildə qeyd edək.”

Cənab İlham Əliyevin hər bir səfərində, çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdir. O da xüsusi vurğulandı ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.  Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq rusiyalı həmkarı Vladimir Putin bu inamı ifadə etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.

Qısa təhlil bu qənaətə əsas verir ki, zəngin tarixə malik olan Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələr üzrə gələcək inkişafı üçün yeni imkanlar yaranır. Tərəflər bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün mövcud, eyni zamanda, yeni yaranan imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər.