YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Prezident İlham Əliyev tərəfindən Azərbaycanın uğurlu siyasəti daha geniş və çoxşaxəli şəkildə davam etdirilir

«Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə çox vacib məqamlarla yadda qaldı. Dövlət başçısı aidiyyatı stukturlara hökumətin gələcək fəaliyyətini hansı istiqamətdə qurması, Azərbaycanda başlanan tikinti, quruculuq və abadlıq işləri, islahatların həyata keçirilməsi, yeni iş yerlərinin açılması, sosial layihələrlə bağlı proqramların yerinə yetirilməsi, investisiya layihələri ilə bağlı birbaşa tapşırıq və tövsiyyələrini verdi. Bütün aparılan və görülən bu işlərin hamısı əhali, xalq, cəmiyyət üçündür. Müşavirədə də qeyd olunduğu kimi dünyada, regionda baş verən hadisələr və səbəbi bizdən asılı olmayan müxtəlif iqtisadiyyatda baş verən təlatümlər təbii ki, Azərbaycanda da yan keçmir. Çünki ölkəmiz hər hansı bir adada deyil, əksinə bu dövlətlərlə ünsiyyətdədir və onlarla iqtisadi, ticari, nəqliyyat dövriyyələri var. Əgər Avropada, Yaxın Şərqdə, post-Sovet məkanında hər hansı bir hadisə baş verirsə, istər-istəməz bizdən asılı olmayan səbəblərdən ölkəmizə də təsir edir. Ümumiyyətlə, elə hallar baş verir ki, biz nə qədər istəsək də onun tərəfimizdən qarşısı alına bilməz. Çalışırıq ki, bu kimi hallar Azərbaycan vətəndaşına, ölkəmizdə yaşayan insanlara təsirsiz ötüşsün». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün dünyaya nəzər salsaq görürük ki, stabil dövlətlərin dağıdılması, orada yaşayan xalqların iradəsi ilə deyil, əksinə kənar güclərin həmin dövlətlərin təbii sərvətlərinin mənimsənilməsi və öz maraqlarına xidmət etməsinin nəticəsində yaradılan süni konfiliktlər bu gün Avropadan da yan keçmir. Yəni Avropa özünə aid olmayan və başqa ölkələrin daxili işlərinə qarışmaq prosesinin nəticəsi olaraq bu gün dünyanın bir çox yerlərində yeni-yeni münaqişə ocaqları yaranıb. Onun sözlərinə görə, əgər əvvəllər Avropa özünün həmişə əsas dəyəri kimi insan haqları prinsiplərini ortaya qoyurdusa, bu gün insan hüquqlarının pozulmasını, insana qarşı ən alçaldıcı hərəkətlərin olunmasını biz mətbuat, televiziya vasitəsilə şahidi oluruq.

«Görürük ki, onlar insanları miqrant kimi deyil, əksinə yaşından, cinsindən asılı olmayaraq uşaqlı, böyüklü, qocalı qul kimi vaqonlara yığaraq bir ölkədən başqa ölkəyə deportasiya edirlər. Burada hansı insan dəyərindən, hüququndan danışırlar. Bütün bu olanlara Avropa mətbuatı susur. Əksinə, hətta bəzi yerlərdə miqrantlara qarşı etiraz aksiyaları keçirirlər və onların gündəlik tələbatı olan qida məhsullarından da məhrum edirlər. Onlara qarşı çox amansız şəkildə davranış sərgiləyirlər. Böyük Britaniya kimi güclü bir dövlət iki il müddətinə cəmi 5 min miqrant qəbul etmək haqqında qərar qəbul edib. Hətta o miqrantların böyük əksəriyyəti dini seçimlə bağlıdır. Aparılan təhlillər nəticəsində məlum olub ki, Ərəb ölkələrindən, Afrikadan ora üz tutan insanlar başqa dini inanca məxsus olanlardır. Bu yaxınlarda Aralıq dənizinin Türkiyə sahillərində körpə uşaq cəsədi tapıldı. Suriya müharibəsindən qaçan bir ailənin faciəsi olan bu hadisə bütün bəşəriyyəti ayağa qaldırmalıdır. Türkiyə kimi bir dövlət iki milyondan artıq qaçqın qəbul edib. Bütövlükdə Avropa İttifaqı isə 5 il müddətinə 150 min miqrantı qəbul edib-etməmək haqqında hələ də fikirləşir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

S.Novruzov qeyd edib ki, Azərbaycan inkişaf etmiş bir dövlətdir. Onun sözlərinə görə, müəyyən xarici qüvvələr ölkəmizdə sabitliyi pozmaq iqtidarında deyil.

«Bəzi beynəlxalq təşkilatlar var ki, onların arxasında erməni lobbisi dayanır. Onların mərkəzi ofislərində, təşkilatların idarə heyətlərində bilavasitə ermənilər təmsil olunurlar və bəlli mənbələrdən vəsait alırlar. Həmin vəsaitin bir hissəsini onu verən təşkilatın özünə qayıdır, digər hissəsi isə Azərbaycanın imicinə xələl gətirmək, ictimai-siyasi sabitliyi pozmaq, müxtəlif iğtişaşlar yaratmaq və ölkəmizi hansısa xaos, müharibə şəraitində və s. olan dövlət kimi qələmə verməyə sərf olunur. Onların əsas məqsədi müxtəlif üsullardan, vasitələrdən istifadə etməklə öz firmalarını, təşkilatlarını ölkəmizdə güzəştli şərtlərlə yaratmaqdır. Digər tərəfdən müsəlman ölkəsi olaraq Azərbaycanın inkişaf etməsi, müasirləşməsi, bütün dinlərin, təriqətlərin eyni qaydada ölkəmizdə fəaliyyət göstərməsi və s. onları çox narahat edir. Təbii ki, bunun üçün də “sapı özümüzdən olan baltalar” tapıb ortaya çıxarırlar. Amma bu gün Azərbaycan regionda müstəqil və ölkələrlə bərabərhüquqlu siyasət aparan bir dövlətdir. Burada bir növ Azərbaycan xalqının maraqları təmsil olunur. Yəni hansısa bir dövlətin, qurumun, təşkilatın yox. Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın uğurlu siyasəti daha geniş və çoxşaxəli şəkildə davam etdirilir. Ümumilikdə, Azərbaycan bu gün regionda bir təhlükəsizlik, stabillik adasıdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.